DAYANIQLIQ DAHA DA MÖHKƏMLƏNDİRİLMİŞDİR

Image

İstehlakçılara göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanması məqsədilə “Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi”nin (YGEŞ) balans mənsubiyyətinə aid olan yarımstansiyalarda cari ilin son üç ayı ərzində bir sıra işlər yerinə yetirilmişdir.

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən dövrdə “Sumqayıt YGEŞ”in balans mənsubiyyətinə aid olan 330 kV-lik “Yaşma” yarımstansiyasında 3 saylı 200 MVA avtotransformator və onun avadanlıqları, eyni gərginlikli iki ədəd eleqaz açar, birinci və ikinci bölmə, 110 kV-lik V və VII “Sumqayıt”, II “Siyəzən”, “Giləzi” hava xətlərinin eleqaz açarları və avadanlıqları cari, 330 kV-lik 8-ci “Abşeron” HX-nin xətt ayrıcısı əsaslı və avadanlıqları cari təmir və sınaq edilmişdir. Eyni zamanda Rele Mühafizə Avtomatikası (RMA) yoxlanılmışdır. Bütün bunlarla yanaşı yarımstansiyaya 2,2 kilometr uzunluğunda içməli su xətti çəkilmişdir.

Qeyd edək ki, anoloji təmir işləri 220 kilovoltluq “Sənaye Qovşağı” yarımstansiyasında da həyata keçirilmişdir. Eyni zamanda bəzi qurğu və avadanlıqların binasının, həmçinin yardımçı təsərrüfatın binasının da fasadının üzlənməsi içləri aparılmış və hazırda bu işlər davam etdirilir.

Mənbə onu da bildirdi ki, sözügedən dövrdə 110 kV-lik “Sumqayıt-3” və “Sumqayıt-2” yarımstansiyalarında da təmir işləri həyata keçirilərək dayanıqlıq daha da möhkəmləndirilmişdir.

Yeri gəlmişkən, sözügedən dövrdə “Ceyranbatan” yarımstansiyasında 35/6 kV-lik qapalı paylayıcı quruluşun binasının tikintisi başa çatdırılmış və müvafiq avadanlıqların quraşdırılması işləri aparılır. Bütün bunlarla yanaşı, 110 kV-lik “Goradil”, “Xırdalan” və digər bir neçə yarımstansiyada da sözügedən dövrdə müxtəlif tipli avadanlıqların dəyişdirilməsi işləri reallaşdırılmışdır.

Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da qeyd edilir ki, dayanıqlığın daha da artırılması məqsədilə YGEŞ-in xidməti ərazisində yüksək gərginlikli elektrik verilişi xətləri üzrə müvafiq bərpa işləri icra edilmişdir. Belə ki, 330 kV-lik 8-ci “Abşeron”, Xaçmaz, 220 kV-lik “Yaşma”, 7-ci “Abşeron”, “Qəbələ”, “Ağsu”, 110 kV-lik 5-ci “Sumqayıt”, 1-ci və 2-ci “Siyəzən” və digər HX-lərdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, o cümlədən, naqillər və ildırımötürücü troclar da təmir edilmiş, vant troslar dartılmış, torpaqlama konturunun müqaviməti yoxlanılmışdır. Eyni zamanda bu tədbirlər sırasına sınıq izolyatorların dəyişdirilməsi, sıradan çıxmış armaturların yeniləri ilə əvəz edilməsi və boşalmış sıxacların bərkidilməsi və s. də daxildir. Yeri gəlmişkən, icrası reallaşdırılan tədbirlər enerji ötürücülərində dayanıqlığın yüksək səviyyədə təmin edilməsinə geniş imkanlar açır.

Mövcud hava şəraiti ilə əlaqədar müəssisənin xidməti ərazisində yanğın təhlükəsizliyi ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir. O cümlədən, yarımstansiyaların ərazisi quru otlardan təmizlənir, yağ tutumlu avadanlıqlarda yağın səviyyəsi, girimlərdə təzyiqlərin və transformatorlarda temperaturun norma həddində saxlanması təmin edilir. EVX-lərin trassası yaşıl kütlələrdən, dayaqların ətraflarının quru otlardan təmizlənməsi işləri aparılır. İstismar müddətinə uyğun olaraq yanğınsöndürmə vasitələri dəyişdirilərək yenisi ilə əvəz edilmişdir.