“QUBA EŞ”: REYDLƏR NƏTİCƏ VERİR

Image

Şəbəkələrin mövsümə hazırlanması ilə bağlı həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində mövcud iqlim şəraitində xoşagəlməz hadisələr baş verməmişdir. İstehlakçıların elektrik enerji təchizatında a yaxşı kəmiyyət və keyfiyyət dəyişikliyinə nail olunmuşdur.

“Quba” elektrik şəbəkəsindən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, təmir qrafikinə uyğun nəzərdə tutulan işlər ötən ildə uğurla başa çatdırılmış və bu istiqamətdə işlər hazırda da davam etdirilir. Belə ki, ötən ilin IV rübü ərzində 10 və 6 kV-lik xətlərin 2 km hissəsi yeni naqillə əvəz edilmiş, 17,6 km-də əsaslı və cari təmir işləri aparılmış, 0,4 kV-lik xətlərin isə 10 km-dən artıq hissəsində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda “Bələdiyyə”, II “Nügədi” və “Rustov” HX-lərdə isə 6 ağac dayaq dəmir-beton dayaqla əvəzlənmişdir. Bütün bunlarla yanaşı bir neçə xəttin elektrik avadanlıqları da təmir olunmuşdur. Paralel olaraq sözügedən gərginlikli EVX-lər üzrə 18 km məsafədə budaması, 20,4 km məsafədə sallaq naqillərin tarımlanması, 30 dayağın düzləndirilməsi və s. işlər görülmüşdür.

Qeyd edək ki, sözügedən dövrdə texnoloji itkilərin azaldılması məqsədilə bir transformator yükə uyğun yenisi ilə əvəz edilmiş, 4 transformator əsaslı təmir edilmişdir. 24 KTM-də isə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.

Mənbədən əldə edilən digər bir məlumata  görə, ötən ilin dekabr ayında müəssisənin xidmətı ərazisində 11,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Ümumi ödənişdə mütləq artım 2011-ci ilin müvafiq dövründəki göstərici ilə müqayisədə  8 faizə yaxın olmuşdur.

Onu da qeyd edək ki, ötən il ərzində müəssisə üzrə 131,7 milyon  kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə ödəniş 17 faizə yaxın mütləq artmışdır. Daimi əhali istehlakçı qrupu üzrə bu göstəricilər  müvafiq olaraq 78,3 milyon kilovatsaatdan artıq və 12 faizə yaxınolmuşdur.

“Sayğac sxeminə müdaxilə edən istehlakçılar hələ də var. Həmin bu istehlakçılar tərəfimizdən vaxtında aşkar edilir və onlara qarşı daha sərt tədbirlər görülür”, – deyən mənbə onu da bildirdi ki, ötən ilin dekabr ayında keçirilmiş reydlər zamanı 95 istehlakçının (bunun 73-ü məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) sayğac uçot komplektində qüsur aşkar edilərək 124,8 min kilovatsaatdan artıq (bunun 64,8 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 7 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir.

Yeri gəlmişkən, burada ötən il ərzində keçirilmiş reydlər zamanı 965 istehlakçının (bunun 854-ü məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) qaydanı pozması faktı aşkar edilərək 3 milyon 247,6 min kilovatsaata yaxın (bunun 2 milyon 178,5 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin 71 faizinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.