GÖRÜLMÜŞ TƏDBİRLƏR NƏTİCƏ VERİR
Şəbəkələrdə mövsümə hazırlıq çərçivəsində yerinə yetirilən təmir-bərpa işləri uğurla davam etdirilir.
“Beyləqan elektrik şəbəkəsi”ndən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, 2012-ci il ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 592 istehlakçının (bunun 500-ü məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) sayğac uçot komplektində qüsur aşkar edilərək 2 milyon 199,2 min kilovatsaata yaxın (bunun 729,4 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 132 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 55 faizdən çoxunun ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
O cümlədən, ötən ilin dekabr ayında isə 138 analoji fakt (bunun 105-i məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) aşkar olunmuş, 367 min kilovatsaatdan artıq (bunun 94,1 min kilovatsaatı məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 22 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir.
Mənbəyə istinadən qeyd edək ki, 2012-ci ilin dekabr ayında müəssisənin xidməti ərazisində 11,2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Ümumi ödəniş isə 2011-ci ilin eyni dövründəki ödənişdən mütləq 1 faizə yaxın çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 3,7 milyon kilovatsaata yaxın olmuş, ödəniş isə 2011-ci ilin eyni dövründəki göstəricidən mütləq 11,3 faiz çoxdur.
Onu da qeyd edək ki, ötən il ərzində müəssisə üzrə istehlak 113,7 milyon kilovatsaata yaxın olmuşdur. 2011-ci illə müqayisədə ödənişdə mütləq artım 3 faizdən artıq olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 35 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə 2011-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 8 faizdən çox artmışdır.
Mənbə bütün bu uğurları həyata keçirilmiş məqsədyönlü tədbirlər, o cümlədən istehlakçılar arasında aparılan maarifləndirmə işinin, ən əsası isə ötən il ərzində EVX və TM-lərdə həyata keçirilmiş təmir və yenidənqurma işlərinin nəticəsi olduğunu bildirdi. Belə ki, 2012-ci ilin IV rübü ərzində müəssisənin balans mənsubiyyətinə aid olan 10 və 0,4 kV-lik xətlərin ümumilikdə 9 km-də əsaslı və cari təmir işləri reallaşdırılmışdır. Buraya 10 kV-lik I və III “Şəhər”, “Eyvazalılar”, “Daşburun” və 0,4 kV-lik “Dünyamalılar”, “Təzəkənd”, “Qaralar”, “Əhmədli” və digər HX-lərində görülmüş işlər daxildir. Eyni zamanda sözügedən dövrdə xidməti ərazidə olan müxtəlif güclü 48 transformator da təmir edilərək şəbəkəyə qoşulmuşdur.