ŞƏBƏKƏLƏRDƏ TƏMİR İŞLƏRİ HƏYATA KEÇİRİLİR
“Ağstafa” elektrik şəbəkəsindən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda ötən il ərzində, o cümlədən dekabr ayında müəssisənin xidməti ərazisində istehlak edilmiş elektrik enerjisi, onun istehlak dəyərinin ödənişi, həmin dövrdə elektrik sayğac sxemlərinə edilən müdaxilələrlə bağlı görülmüş tədbirlər və ötən ilin son üç ayı ərzində həyata keçirilmiş yenidənqurma, təmir-tikinti işləri qeyd edilir.
Belə ki, ötən ilin dekabr ayında müəssisənin xidməti ərazisində 7,2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Ümumi ödəniş isə 2011-ci ilin eyni dövrü ilə müqayisədə mütləq 6 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 3,1 milyon kilovatsaata yaxın olmuşdur.
Qeyd edək ki, ötən ilin 12 ayı ərzində isə müəssisə üzrə ümumi istehlak 84,6 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə 2011-ci ilin eyni dövrü ilə müqayisədə mütləq 1,2 faiz artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 33,5 milyon kilovatsaata yaxın, ödəniş isə 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə mütləq artım 0,4 faiz olmuşdur.
Onu da qeyd edək ki, ötən il ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 190 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 461,1 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 27,7 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Bərpa edilmiş istehlak dəyərinin ödənişi hesabat dövründə tam təmin edilmiş və əvvəlki dövrdən aktlara görə yaranmış debitor borsun da müəyyən hissəsi ödənilmişdir. O cümlədən, 2012-ci ilin dekabr ayında isə 30-a yaxın qayda pozuntusuna görə 100,8 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 6 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir.
Bütün bunlarla yanaşı ötən il ərzində sayğac sxeminə müdaxilə etmiş 17 istehlakçı barəsində toplanmış sənədlər tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmişdir.
“Əldə edilmiş nailiyyətlər yerinə yetirilmiş əsaslı və cari təmir işlərinin nəticəsidir”, – deyən mənbə onu da vurğuladı ki, ötən ilin son üç ayı ərzində müəssisənin balans mənsubiyyətinə aid olan 10, 6 və 0,4 kV-lik EVX-lərin 6 km-dən artıq hissəsi təmir olunmuş, 45 TM-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və ümumi gücü 10,1 MVA-dan çox olan 50-yə yaxın transformator da əsaslı təmir edilərək normal iş rejiminə gətirilmişdir.