TƏSİRLİ TƏDBİRLƏR GÖRÜLÜR

Image

Elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində xeyli işlər görülmüş və bu istiqamətdə tədbirlər davam etdirilir. Nəzarət qruplarının və şəbəkə əməkdaşları tərəfindən keçirilən reydlər zamanı sayğacların dövlət möhürlərinin zədələnməsi, müdaxilə edilən sayğaclardan keçən enerjinin bir hissəsinin qeydə alınmaması, sayğacdan kənar xətdən istifadə və digər qüsurlar aşkar olunur. Həmin istehlakçılara qarşı daha sərt tədbirlər görülür.

“Ağdam elektrik şəbəkəsi”ndən (EŞ) daxil olan məlumata görə, ötən ilin dekabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 47 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Bunun 32-i məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılaraq hesabat aparılmış və 270 min  kilovatsaatdan artıq (bunun 102,2 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 16,2 min manat istehlak dəyəri bərpa edilmişdir.

Qeyd edək ki, ötən il ərzində isə müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 930-dan çox istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilmişdir ki, bunun da 575-dən çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və hesabat aparılaraq 8 milyon 533,1 min  kilovatsaata yaxın (bunun 2 milyon 186,2 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 512 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 80 faizdən çox hissəsinin ödənişi təmin edilmiş və qalıq hissənin ödənilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Mənbədən əldə edilən digər bir məlumata görə isə, burada ötən ilin dekabr ayında 13,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə isə 1,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Ödəniş isə 2011-ci ilin eyni dövründəki göstəricidən mütləq 11 faizə yaxın çoxdur.

Yeri gəlmişkən, 2012-ci il ərzində burada ümumilikdə 195,5 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Ümumi ödəniş isə 2011-ci ilin eyni dövrü ilə müqayisədə mütləq 6 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən isə 14 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Ödəniş isə 2011-ci ilin eyni dövründəki göstəricidən mütləq 4 faizə yaxın çoxdur.