“XAÇMAZ REŞ”: İSTİSMAR SƏVİYYƏSİ YÜKSƏLDİLİR

Image

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən dövrdə “Xaçmaz REŞ”in balans mənsubiyyətinə aid olan 110 kV-lik “Quba” yarımstansiyasında layihə sənədləri əsasında 11 yuvadan ibarət olan 35 kV-lik qapalı paylayıcı quruluşun (QPQ) tikintisi başa çatdırılaraq istismara verilmişdir. Eyni zamnda burada hər birinin güsü 40 MVA olan 1 və 2 saylı transformatorlar cari təmir olunmuşdur. Bütün bunlarla yanaşı 10 kV-lik yağ açarı eleqaz açarla əvəz edilmişdir. Ümumiyyətlə, həyata keçirilmiş yenidənqurma və təmir işləri yarımstansiyanın dayanıqlığını daha da möhkəmləndirilmişdir.

Qeyd edək ki, sözügedən müxtəlif təyinatlı təmir işləri müəssisənin xidməti ərazisində olan 330 və 110 kV-lik “Xaçmaz”, 110 kV-lik “Xudat”, “Yalama”, “Siyəzən” və digər eyni gərginlikli yarımstansiyalarda da həyata keçirilmişdir. Yağ açarlarının yenisi ilə əvəz edilməsi və təmiri, gərginlik məhdudlaşdırıcılarının quraşdırılması və boşaldıcıların yeni tipli gərginlik məhdudlaşdırıcısı ilə əvəzlənməsi, xətt və güc transformatorlarının təmiri və digər işlər həmin bu yarımstansiyalarda görülmüş işlərin siyahısına daxildir. Bütün bunlarla yanaşı balans mənsubiyyətinə aid olan 35 kV-lik “Qusar” yarımstansiyasında da həmin bu dövrdə müxtəlif təyinatlı təmir işləri aparılmışdır.

Onu da qeyd etmək yerinə düşərdi ki, təmir işləri müəssisənin xidməti ərazisində olan EVX-lərdən də yan ötməmişdir. Belə ki, 330 kV-lik “Xaçmaz”, 110 kV-lik 1, 6, 7 və 8-ci “Xaçmaz”, “Çarxı”, 1-ci və 2-ci “Quba”, 1-ci və 2-ci “Qusar” və digər hava xətlərində aparılmış müxtəlif təyinatlı təmir işləri zamanı 740-dan artıq izolyator yenisi ilə əvəzlənmiş, 11 ədəd dayaq təmir olunmuş, metal dayaqların 100 metrə yaxın açılmış künclükləri bərpa edilmiş və hava xətlərinin trassası yaşıl kütlədən təmizlənmişdir. Bütün bunlarla yanaşı 110 kV-lik “Xudat-Yalama” hava elektrik verilişi xəttinin 12 ədəd ağac dayaqları yeni metal dayaqlarla əvəz edilmişdir.

Mənbə qarşıdakı perspektiv planları barəsində də məlumat verərək bildirdi ki, layihə sənədləri əsasında 110/35/10 kV-lik “Qusar” yarımstansiyasının genişləndirilməsi ilə yenidənqurulması işləri sözügedən dövrdə də aparılmış və hazırda da davam etdirilir.