“YEVLAX EŞ”: SAYĞAC SXEMİNƏ MÜDAXİLƏ HALLARININ QARŞISI ALINIR

Image

Həyata keçirilmiş məqsədyönlü tədbirlər, o cümlədən istehlakçılar arasında aparılan maarifləndirmə işinin nəticəsidir ki, yığım səviyyəsi aybaay artır.

Sayğac uçot komplektinə nəzarətin gücləndirilməsi, istehlakçıların elektrik enerjisindən təyinatı üzrə istifadə edilməsi, onlar arasında aparılan təbliğat işinə baxmayaraq, hələ də bu və ya digər şəkildə  sayğac sxeminə müdaxilə halları var. Bu da sonda itkilərin artmasına və ödəniş səviyyəsinin aşağı düşməsinə səbəb olur. Məqsədimiz bu pozuntu faktlarını vaxtında aşkar edərək onların qarşısını almaq, itkiləri azaltmaq və ödənişi 100 faizə çatdırmaqdır.

“Yevlax Elektrik Şəbəkəsi”ndən (EŞ)  “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata  görə, ötən ilin dekabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 40-a yaxın  (bunun 32-i məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 289,4 min kilovatsaata yaxın  (bunun 106,7 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 17,3 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir.

Qeyd edək ki, sözügedən müəssisənin xidməti ərazisində ötən il ərzində keçirilmiş reydlər zamanı 570-dən artıq  (bunun 385-i məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) qayda pozuntusu faktı aşkar olunmuşdur. Nəticədə 4 milyon 296,3 min  kilovatsaatdan artıq (bunun 1 milyon 435,7 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 257,8 manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 83 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Mənbə onu da bildirdi ki, 2012-ci ilin dekabr ayında müəssisənin xidməti ərazisində 12 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə ümumi ödənişdə mütləq artım 12 faiz olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 5 milyon kilovatsaata yaxın olmuş, ödəniş isə ötən ilin eyni dövründəki göstəricidən mütləq 19 faizə yaxın çoxdur.

Onu da qeyd edək ki, ötən il ərzində müəssisə üzrə istehlak 130,7 milyon kilovatsaatdan çox olmuşdur. Ödəniş isə ötən il, 2011-ci ilin göstərici ilə müqayisədə mütləq 6 faizə yaxın artmışdır.  Daimi əhali istehlakçı qrupu üzrə bu göstəricilər müvafiq olaraq 50,7 milyon kilovatsaata yaxın və 7 faizdən çoxdur.