ZƏRURİ TƏDBİRLƏR HƏYATA KEÇİRİLİR

Image

“Şirvan Elektrik Şəbəkəsi”nin kollektivi yola saldığımız ildə rayon istehlakçılarına daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisinin verilməsi məqsədilə nəzərdə tutulmuş  tədbirlər planını əsasən həyata keçirmişdir.

Şəbəkədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, ötən ilin son üç ayı ərzində şəbəkənin istismar sahələrindəki 6/04 kV-lik  4 transformator məntəqəsində yenidənqurma işləri aparılmış, gücü 250 KVA olan bir transformator da əsaslı təmir edilərək istehlakçıların xidmətinə verilmişdir.

Qeyd edək ki, sözügedən dövr ərzində yenidənqurma işləri çərçivəsində smartkart tipli sayğacların quraşdırılması məqsədilə sayğacların girişinə 250 metrə yaxın koaksial kabel çəkilmiş, 6 kV-lik hava xəttinin müəyyən hissəsi yenidən qurulmuş, 150 metri əsaslı təmirdən  çıxarılmış və 200 metrə yaxın SİP kabel xətti çəkilmişdir.

Yeri gəlmişkən, avadanlıqların texniki istismar səviyyəsini yüksəltmək istiqamətində həyata keçirilmiş tədbirlər istehlak edilmiş elektrik enerjisinin istehlak dəyərinin ödənişinə və elektrik enerjisindən qeyri qanuni istifadə hallarının qarşısının alınmasına da öz müsbət nəticəsini göstərmişdir.  Belə ki, ötən il ərzində müəssisə üzrə ümumilikdə 344,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bunun da 46,2 milyon kilovatsaata yaxını daimi əhalinin payına düşür. Görülmüş tədbirlər nəticəsində 2012-ci il ərzində ümumi ödəniş 2011-ci illə müqayisədə mütləq 8,3 faiz artmışdır. O cümlədən, daimi əhali qrupu üzrə bu göstərici 3,1 faiz olmuşdur.

Qeyd edək ki, ötən ilin dekabr ayında isə ümumilikdə 30,3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmiş, ümumi ödəniş isə 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə mütləq 17 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda istehlak 5,8 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq 2,3 faiz artmışdır.

İstehlakçıların “Elektrik enerjisindən istifadə qaydaları”na riayət etmələrinin yoxlanılması istiqamətində keçirilən reydlər zamanı ötən ilin dekabr ayında müəssisənin xidməti ərazisində üç istehlakçının qaydaları pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və hesabat aparılaraq 206,3 min  kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 12,4 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir.

Onu da qeyd edək ki, 2012-ci il ərzində isə 35 qayda pozuntusu faktı aşkar edilərək akt tərtib olunmuşdur. Aktlar üzrə müvafiq qaydada hesabat aparılaraq 363,3 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 21,8 min manat istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğ tamamilə ödənilmiş və eyni zamanda 2011-ci ilin aktlarına görə yaranmım debitor borcun da müəyyən hissəsinin ödənişi təmin olunmuşdur.