İSTEHLAK VƏ ÖDƏNİŞ ARTMIŞDIR

Image

“Lənkəran elektrik şəbəkəsi”ndən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, ötən ilin dekabr ayında müəssisənin xidməti ərazisində 12,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Ümumi ödəniş isə 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə mütləq 7,4 faiz artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 8,5 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə mütləq 7,6 faiz artmışdır. Qeyd edək ki, ötən il ərzində müəssisə üzrə istehlak 147,3 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə 2011-ci illə müqayisədə mütləq 11 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 101,4 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə mütləq 6 faizə yaxın artmışdır.

Mənbədən təmir işləri ilə bağlı əldə etdiyimiz məlumata görə, ötən ilin sonuncu rübü ərzində yenidənqurma işləri ilə əlaqədar olaraq smartkart tipli sayğacların giriş xəttinə 2,1 km-dən artıq koaksial kabel çəkilmiş, 1,4 km-ə yaxın 0,4 kV-lik xətt SİP kabel xətti ilə əvəzlənmişdir. Eyni zamanda 10 kV-lik EVX-lərin 300 metrə yaxını yenidən qurulmuş, 1,9 km-dən artıq xətt isə əsaslı təmir olunmuşdur. Bundan əlavə 2 km-ə yaxın 0,4 kV-lik xətdə də əsaslı təmir işləri aparılmışdır.

Onu da qeyd edək ki, sözügedən dövrdə təmir işləri müəssisənin balans mənsubiyyətinə aid olan TM-lərdən də yan ötməmişdir. Belə ki, 6 TM-də yenidənqurma işləri həyata keçirilmiş, 40-dan artıq TM-də əsaslı və cari təmir işləri aparılmış, ümumi gücü 1,5 MVA-dan artıq olan 7 transformator isə əsaslı təmir edilərək istehlakçıların xidmətinə verilmişdir.

Mənbə onu da bildirdi ki, ötən ilin dekabr ayında  müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 50-dən çox qayda pozuntusu faktı aşkar edilərək müvafiq qaydada aktlaşdırılmışdır. Nəticədə 208,2 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 12,5 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir.

Ümumiyyətlə, burada 2012-ci il ərzində 375 qayda pozuntusu faktı aşkar edilərək 1 milyon 286,3 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 77,2 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 53 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.