“ŞIRVAN REŞ”DƏ DƏ TƏMİR İŞLƏRİ DAVAM EDİR

Image

Cənub bölgəsinin elektrik enerjisinə olan tələbatının ödənilməsində mühüm rol oynayan “Şirvan Regional Elektrik Şəbəkəsi”ndə (REŞ) texniki  göstəricilərin daha da yaxşılaşdırılması üçün, o cümlədən mövsümə hazırlıq məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Şəbəkədən, ötən ilin  son üç ayı ərzində xidməti ərazilərində yerləşən və balans mənsubiyyətinə aid olan elektrik verilişi xətlərində və yarımstansiyalarda  görülmüş cari və əsaslı təmir işləri barəsində “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə deyilir.

Mənbənin bildirdiyinə görə, şəbəkənin istehlakçılarının daha da dayanıqlı elektrik enerjisi ilə təminatı kollektivin ən ümdə tapşırıqlarından biridir. Bu məqsədlə 330 kV-lik IV “Şirvan” hava xəttinin 2 kilometri əsaslı təmir olunmuş, xeyli sayda izolyator və 5 ədəd xətt armaturu dəyişdirilmişdir. Eyni zamanda 220 kV-lik II  “Şirvan” və III “Masallı”, 110 kV-lik III və IV “Sabirabad”  elektrik verilişi xətlərinin (EVX) isə ümumilikdə 9 kilometrə yaxını  əsaslı təmir edilmiş və 125-ə yaxın xətt armaturu yenisi ilə əvəz edilmişdir.

Qeyd edək ki, analoji təmir işləri 110 kV-lik II “Sabirabad”, I “Cənub”, “Biləsuvar” və digər   yüksək gərginlikli EVX-lərdə də aparılmış və burada sözügedən dövr ərzində 26 kilometrdən artıq xətt əsaslı təmir edilmiş, 220-dən artıq izolyator və 260-a yaxın xətt armaturu yenisi ilə əvəz edilmişdir.

Onu da qeyd edək ki, sözügedən dövrdə təmir işləri paralel olaraq müəssisənin xidmətində olan yarımstansiyalarda da aparılmışdır. Belə ki, 110 kV-lik “Ələt” yarımstansiyasında 3 saylı 15 MVA, 35 kV-lik “Abdulabad” yarımstansiyasında 7,5 MVA, “Atbulaq” yarımstansiyasında 1,8 MVA, “Babazanlı” yarımstansiyasında 4 MVA və digər 10 yarımstansiyada ümumi gücü 42 MVA-ya yaxın olan transformatorlarda təmir işləri görülmüşdür.       Yeri gəlmişkən, sözügedən bu yarımstansiyalarda qeyd edilən təmir işi ilə yanaşı yağ açarlarının, xüsusi sərfiyyat tranformatorlarının təmiri də reallaşdırılmışdır.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, hesabat dövründə müəssisənin balans mənsubiyyətinə aid olan 110 kV-lik 10 və 35 kV-lik 14 yarımstansiyanın avadanlıqlarında da müxtəlif təyinatlı təmir işləri aparılmışdır.

Sonda onu da qeyd edək ki, digər enerji müəssisələrində olduğu kimi, burada da yanğın təhlükəsizliyi tədbirləri daim diqqət mərkəzindədir. Belə ki, EVX-lərin mühafizə zonaları və yarımstansiyaların əraziləri quru otlardan, yağ tutumlu avadanlıqların ətrafı çirkli yağ örtüyündən təmizlənmişdir. Eyni zamanda mühafizə avadanlıqlarının nəzarət və ölçü cihazları təftiş edilmiş, aşkar edilmiş qüsurlar aradan qaldırılmışdır.