ENERJİ TƏHLÜKƏSİZLİYİ YÜKSƏK SƏVİYYƏDƏ TƏMİN EDİLİR

Image

Abşeron yarımadasının, xüsusilə paytaxtın enerji təminatının stabilliynin və dayanıqlığının daha da möhkəmləndirilməsinin təmin edilməsi məqsədilə bir sıra enerji obyektlərində qrafikə uyğun sistem əhəmiyyətli təmir-bərpa işləri yerinə yetirilib və hazırda da davam etdirilir.

“Abşeron Regional Elektrik Şəbəkəsi”ndən (REŞ) ötən ilin son aylarında görülmüş işlər barəsində “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki, 500 kilovoltluq “Abşeron” yarımstansiyasında 220 kV-lik açıq paylayıcı quruluşda yenidənqurma işləri davam etdirilir. Eyni zamanda Bakı şəhərinın mərkəzi hissəsinin enerji təchizatının dayanıqlılığında mühüm rol oynayan 220 kV-lik “Müşfiq” yarımstansiyasında həyata keçirilən yenidənqurma işləri ilə əlaqədar xüsusi sərfiyyat və sabit cərəyan panelləri yenisi ilə əvəz edilmiş, yeni quraşdırılmış 3 saylı avtotransformatorun (AT) 110/220 kV-lik tərəfində eleqaz açarların, gərgillik transformatorlarının və ayrıcıların quraşdırılması başa çatdırılmışdır. Hazırda  sözügedən AT-nin 10 kV-lik tərəfində reaktor, paylayıcı məntəqənin quraşdırılması və yarımstansiyada İdarəetmə məntəqəsində idarəetmə lövhələrinin yenisi ilə əvəz edilməsi işləri davam  etdirilir.

Qeyd edək ki, sözügedən dövrdə 220 kV-lik “Hövsan”, 110 kV-lik “Ramana”, “8-ci km”, “Zığ” yarımstansiyalarının yenidənqurması layihəsi üzrə işlər aparılmış və hazırda davam etdirilir. Eyni zamanda işçilərin iş şəraitinin yaxşılaşdırılması məqsədilə bir neçə yarımstansiyanın inzibati binalarında da əsaslı təmir işləri davam etdirilir.

Müəssisənin balans mənsubiyyətinə aid olan hava elektrik verilişi xətlərində (HEVX) də bir çox təmir-bərpa işlərinin yerinə yetirilməsini bildirən mənbə, onu da qeyd etdi ki, sözügedən dövrdə 500 kV-lik II “Abşeron”, 330 kV-lik I “Abşeron”, IV “Şirvan”, VIII “Abşeron” HX-lərdə də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.

Sonda digər layihələr barəsində məlumat verən mənbə onu da bildirdi ki, hazırda 220 kV-lik “Böyük şor”, “Zabrat” yarımstansiyalarının, “Səngəçal ES-220 kV Müşfiq YS”, “Şimal ES-220 kV Hövsan YS” və “Şimal ES -220 kV Zabrat YS” iki dövrəli HX-lərin tikintisi davam etdirilir. Eyni zamanda 220 kV-lik “Ağsu”, “Qəbələ” HX-lərinin yenidən qurulması, 110 kV-lik II “Maştağa” HX-nin bir neçə dayaq arasında hava xəttinin kabel xəttinə keçirilməsi işləri də davam etdirilir.

Şəbəkədən verilən məlumata istinadən, yerinə yetirilən və hazırda davam etdirilən təmir-bərpa işləri enerjisistemin təhlükəsiziliynin yüksək səviyyədə təmin edilməsi istiqamətində atılan mühüm addımdır və bu işlər davamlı olaraq yerinə yetiriləcəkdir.