“İMİŞLİ EŞ”: İSTİSMAR SƏVİYYƏSİ YAXŞILAŞDIRILIR

Image

“İmişli Elektrik Şəbəkəsi”ndə elektrik təsərrüfatının fəaliyyətini sağlamlaşdırmaq, istehlakçıların elektrik enerjisi ilə daha da keyfiyyətli və dayanıqlı təchizatını təmin etmək məqsədilə mühüm işlər həyata keçirilib. Bu baxımdan, enerji təsərrüfatında aparılan məqsədyönlü işlər öz bəhrəsini verməkdədir.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, digər rayonlarda olduğu kimi, burada da istehlakçıların elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər görülür. Əsas məqsəd, hər il olduğu kimi, bu il də qış aylarında əhalini keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdir. Bu məqsədlə rayonun elektrik təsürrüfatında mühüm təmir-bərpa işləri aparılıb. O cümlədən, ötən ilin son ayları ərzində 10 kV-lik “Məktəb”, II- III “Şəhər”, “Qaralar”, “Telman” və bu kimi digər hava xətlərinində həyata keçirilmiş müxtəlıif təyinatlı təmir işləri zamanı həmin bu xətlərin 3,4 kilometrə yaxın hissəsi əsaslı və cari təmir olunmuşdur.

Qeyd edək ki, təmir işləri müəssisənin balans mənsubiyyətinə aid olan 0,4 kV-lik xətlərdən və transformator məntəqələrindən də yan keçməmişdir. Belə ki, həmin bu dövdə sözügedən xətlərin 7,4 km-də, TM-lərin isə 44-də əsaslı və cari təmir işləri reallaşdırılmışdır.

Mənbədən daxil olan digər bir məlumata görə, ötən ilin noyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 100-dən artıq istehlakçının sayğac uçot komplektini pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 163 min  kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 9,8 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 57 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.

Onu da qeyd edək ki, ötən ilin 11 ayı ərzində isə burada 837 qayda pozuntusu faktı aşkar edilərək akt tərtib olunmuş, 2 milyon 652 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 159,1 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 18 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Sonda onu da qeyd edək ki, ötən ilin 11 ayı üzrə istehlak edilmiş elektrik enerjisinin miqdarı 178,3 milyon kilovatsaatdan artıqdır ki, bunun da 45,8 milyon kilovatsaata yaxını daimi əhali istehlakçı qrupuna aiddir. Ötən ilin noyabr ayında müəssisə üzrə 17,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. O cümlədən daimi əhali istehlakçı qrupu üzrə bu göstərici 3,8 milyon kilovatsaata yaxın olmuşdur.