YENİDƏNQURMA TƏDBİRLƏRİNƏ DİQQƏT ARTIRILIR

Image

Hazırda Hacıqabul rayonunun ərazisi fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunur. Fiziki köhnəlmiş naqil və dayaqların yeniləri ilə əvəz olunması istiqamətində işlər aparılır. Buna sübut olaraq rayonun Udulu kəndində son bir ay ərzində 800 metr uzunluğunda məftilin dəyişdirilərək yenisi ilə əvəz olunması və zərurət yaranan yerlərdə dayaqların yeniləşdirilməsi göstərilə bilər.

“Hacıqabul Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki, cari ilin yanvarından “Xiləmirzə” xəttində də  təmir işlərinin həyata keçirilməsi planlaşdırılıb. Həmçinin ötən il 35 kilovoltluq xətlərdən “Pirsaat” və “752 saylı” xətdə də əsaslı təmir işləri aparılıb. Hazırda “751 saylı” və “Atbu­laq” hava xəttində cari təmir işləri reallaşdırılmaqdadır.

Mənbəyə istinadən onu da qeyd edək ki, rayonun elektrik enerjisinə olan tələbatı yaz-yay dövründə təxminən 8-9 milyon kilovat-saat, payız-qış mövsümündə isə 12-14 milyon kilovat-saat aralığında dəyişir. Buna baxmayaraq, istehlak olunan elektrik enerjisinin dəyərinin ödənilməsi üzrə və­ziyyət qənaətbəxş deyil. Belə ki, smart-kart tipli sayğacların qu­raşdırıldığı rayon mərkəzində bu problem həllini tam olaraq tapsa da, hələ də açıq naqillərin istismarda olduğu kənd yerləri ilə bağlı bu fikri söyləmək çətindir. Bununla belə, kollektiv son dövrlər ödənişdə dinamikaya nail olmaq üçün səylərini artırmaqdadır.

Sonda onu da qeyd edək ki, rayon üzrə şəbəkənin yenidən qurulması istiqamətində nəzərdə tutulan tədbirləri gücləndirmək üçün genişmiqyaslı işlər həyata keçiriləcək. İlk olaraq sərfiyyatın çox, ödənişin isə az olduğu Udulu və  Abdulabad kəndlərində SİP kabellərin çəkilməsi və smart-kart tipli sayğacların quraşdırılması nəzərdə tutulur.