DAYANIQLIQ DAHA DA ARTIRILIR
Gəncə şəhərinin elektrik enerji təchizatı sistemində mövsümə hazırlıq işləri davam edir. Elektrik şəbəkəsinin təmirçilər briqadası xətt və yarımstansiyalarda zəruri profilaktik tədbirləri həyata keçirirlər.
“Gəncə elektrik şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, şəhərin elektrik təsərrüfatının dayanıqlığı mövsümə hazırlıq üzrə tədbirlər planına uyğun olaraq daha da möhkəmləndirilir.
Qeyd edək ki, ötən ilin son üç ayında şəbəkə kollektivi 6-10-04 kilovoltluq elektrik verilişi xətlərində və 6-10/04 kV-lik transformator məntəqələrində müvafiq yenidənqurma və təmir işləri həyata keçiriblər. O cümlədən, 700 metr 10-6 kV-lik EVX-də əsaslı və cari təmir işləri görülüb. Onu da qeyd edək ki, transformator məntəqələrinin 37-də isə müxtəlif təyinatlı təmir işləri aparılıb.
Yeri gəlmişkən, ötən ilin 11 ayında şəbəkə üzrə 1 milyard 92,4 milyon kilovatsaatdan artıq, o cümlədən daimi əhali istehlakçıları tərəfindən isə 120,2 milyon kilovtsaata yaxın elektrik enerjisi istehlak olunmuşdur. Ötən ilin noyabr ayında isə bu göstəricilər müvafiq olaraq 100,2 milyon kilovatsaatdan çox və 13,7 milyon kilovatsaata yaxın olmuşdur.
Mənbədən onu da bildirdilər ki, cari ilin noyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı elektrik enerjisindən istifadə qaydalarının pozulması faktları üzrə 12 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 175 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 10,5 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında bu məbləğin ödənişi əsasən təmin edilmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, 2012-ci ilin 11 ayı ərzindəə keçirilmiş reydlər zamanı isə 112 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 1 milyon 324,5 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 79,4 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 88 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.