TƏDBİRLƏR PLANI VAXTINDA YERİNƏ YETİRİLİR
Digər enerji təsərrüfatlarında olduğu kimi “Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi”ndə də (YGEŞ) texniki göstəricilərin daha da yaxşılaşdırılması istiqamətində konkret addımlar atılır. Nəzərdə tutulmuş işlər cari ilin son üç ayı ərzində, bu məqsədlə tərtib edilmiş təmir qrafikinə uyğun əsasən yerinə yetirilib, o cümlədən transformatorlar yenisi ilə əvəzlənmişdir. Müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə deyilir. Yeri gəlmişkən, müəssisənin balans mənsubiyyətinə aid olan “Sulfanol” yarımstansiyasının gücü də artırılmışdır. Belə ki, burada həyata keçirilən təmir işləri zamanı 1 saylı 63 MVA transformator yeni 80 MVA-lıq transformator ilə əvəzlənmişdir. Qeyd edək ki, hesabat dövründə 110 kV_lik “Sitalçay” yarımstansiyasında geniş həcmli təmir bərpa işləri həyata keçirilmiş və 1 saylı 25 MVA-lıq transformator yenisi ilə əvəzlənmişdir.
Mənbədən o da bildirilir ki, 110 kV-lik “SAZ-1” yarımstansiyasında 1 saylı 70 MVA və 2 saylı 80 MVA transformator və onun avadanlıqları, eyni gərginlikli ayrıcılar və gərginlik transformatorları, həmçinin eyni adlı hava xəttinin elektrik avadanlıqlarında da müxtəlif təyinatlı təmir işləri aparılmışdır. Bütün bunlarla yanaşı eyni gərginlikli “SAZ-2”, “Xəzri” və “Ceyranbatan” yarımstansiyalarında müvafiq tədbirlər aparılımışdır.
Onu da qeyd edək ki, analoji təmir işləri yüksək gərginlikli elektrik şəbəkəsi rayonunun (YGEŞR) balans mənsubiyyətinə aid olan şəhərətrafı yarımstansiyalarda və EVX-lərdə də həyata keçirilmişdir. Belə ki, “Görədil”, “Şamaxı” yarımstansiyalarında transformatorlar və onların avadanlıqları əsaslı və cari təmir edilmişdir.
Enerji obyektinin digər məlumatına istinadən qeyd edək ki, Xırdalan Şəbəkəsi Rayonu üzrə “Əliağa Vahid” yarımstansiyasında 1 sayı 10 MVA və 2 saylı 16 MVA transformatorları və onların avadanlıqları təmir edilmişdir. Eyni zamanda transformatorların RPN qurğusunun məsafədən idarə edilməsi üçün kabellər quraşdırılmışdır. Analoji təmir işləri “Masazır” və “83 saylı” yarımstansiyalarda da həyata keçirilmişdir.
Sonda onu da qeyd edək ki, təmir işləri EVX-lərdən də yan keçməmişdir. Belə ki, sözügedən dövrdə 330 kV-lik “Xaçmaz”, 110 kV-lik I və V “Xırdalan”, “Masazır”, II “Maştağa”, II “Siyəzən” və digər bir neçə HX-lərdə bəzi dayaqların özüllərinin təmiri, izolyatorların dəyişdirilməsi və digər müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, digər enerji obyektlərində olduğu kimi burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Belə ki, müəssisənin bütün struktur bölmələrində könüllü yanğın dəstələri yaradılmış və yanğına qarşı qəza məşqləri keçirilmişdir.
Sözügedən dövrdə “Sitalçay” yarımstansiyasında həcmi 72 kub metr olan yanğınsöndürmə su hovuzu və yağtutumu tikilmişdir. “Masazır” yarımstansiyasında isə yanğınsöndürmə postu quraşdırılmışdır. Bütün bunlarla yanaşı yarımstansiyalarda olan yanğınsöndürmə postlarına yanğınsöndürmə balonları və şlanqları paylanmışdır. Eyni zamanda digər qabaqlayıcı tədbirlər də görülmüşdür.