İSTEHSAL GÖSTƏRİCİLƏRİ YÜKSƏKDİR

Image

Respublikamızın enerji sistemində öz yeri olan «Şəmkir SES Silsiləsi»nin kollektivi cari ilin 10 ayının da proqnozlarına tam əməl edib.

Sözügedən energetika müəssisəsindən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir ki, «Şəmkir SES Silsiləsi» MMC üzrə bu ilin on ayında elektrik enerjisi istehsalı dispetçer yük qrafiki əsasında həyata keçirilib. Nəticədə həmin müddətdə 816,6 milyon kilovat-saat elektrik enerjisi istehsal edilərək respublikanın enerji sisteminə ötürülüb. Bu göstərici “Şəmkir SES”də 569,4 milyon kVt-s, “Yenikənd” SES-də isə 245,5 milyon kVt-s olub.

Hər iki stansiyada yoxlama-təftiş işləri həyata keçirilib, zəruri texniki tədbirlər icra edilib. Qurğu və avadanlıqlarda, istehsal olunan enerjinin ötürüldüyü yüksək gərginlikli xətlərdə və yarımstansiyalarda payız-qış mövsümünə hazırlıqla bağlı iş həcminə əməl olunub.

Hazırda SES-lərdə olan avadanlıqlarda, qurğularda təmir işləri və profilaktiki yoxlamalar, payız-qış mövsümü­nə hazırlıq işləri plan-qrafik üzrə davam etdirilir. “Yenikənd” SES-də olan üç ədəd hidroaqreqatdan birində əsaslı təmir işləri davam etdirilir.

2015-ci ili yüksək texniki-iqtisadi göstəricilərlə başa vurmaq əzmi ilə çalışan kollektiv noyabr ayının birinci yarısında da bütün gösəricilər üzrə tapşırıqları yerinə yetirib.