GÖRÜLƏN TƏDBİRLƏR ÖZ MÜSBƏT NƏTİCƏSİNİ VERMƏKDƏDİR

Image

Son dövrlər “Balakən Elektrik Şəbəkəsi”nin (EŞ) enerji təsərrüfatında görülmüş işlər öz müsbət nəticəsini verməkdədir. Belə ki, rayonun elektrik eneji təchizatı ilə bağlı heç bir problem yoxdur və bütün istehlakçı qrupları dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunurlar.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə  daxil olan məlumata görə, Balakən rayonunda elektrik şəbəkələrinin fəaliyyətlərini sağlamlaşdırmaq, elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdırmaq və iqtisadiyyatın elektrik enerjisi ilə fasiləsiz təchizatını təmin etmək məqsədi ilə mühüm işlər görülmşdür. Bu baxımdan, şəbəkənin xidməti ərazisində EVX-lərin yenisi ilə əvəz olunması istiqamətində görülən işlər diqqətəlayiqdir. Məsələn, təkcə cari ilin son üç ayı ərzində 10, 6 və 0,4 kV-lik xətlərin 4,1 kilometrə yaxını əsaslı və cari təmir olunmuşdur.

Qeyd edək ki, elektrik enerjisi ilə təminatda dayanıqlığın təmin edilməsi məqsədi ilə transformator məntəqələrində də təmir işləri aparılıb. O cümlədən cari ilin son üç ayında 13 TM-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.

Yeri gəlmişkən, hazırda bu proses tədbirlər planına uyğun davam etdirilir: xətlər dəyişdirilir, köhnə dayaqlar  yenisi ilə əvəz olunur,  xətlərin keçdiyi ərazi yaşıl kütlədən təmizlənir, transformatorlar təmir edilir. Rayonun elektrik enerjisi ilə təchizatı sahəsində görülən zəruri tədbirlər istismar səviyyəsini yüksəldib, bir çox enerji təchizatı problemlərini aradan qaldırmışdır.

Mənbə istehlakçılara verilən elektrik enerjisinin haqqının ödənilməsi sahəsində də vəziyyətin normal olduğunu bildirərək onu da qeyd etdi ki, cari ilin 11 ayı ərzində müəssisə üzrə ümumi istehlak 70,8 milyon kilovatsaatdan, o cümlədən noyabr ayında isə 7,7 milyon kilovatsaata yaxın olmuşdur. Daimi əhali istehlakçıları üzrə bu göstəricilər müvafiq olaraq 28,9 milyon kilovatsaata yaxın və 2,9 milyon kilovatsaatdan artıq olmuşdur.

Enerji obyektindən o da bildirildi ki, istehlak olunmuş elektrik enerjisinin haqqının tam həcmdə ödənilməsinin təmin edilməsi dövlət əhəmiyyətli məsələ olduğundan bu istiqamətdə daha da yaxşı nəticələrin əldə olunmasına səy göstərilir.

Sonda onu da qeyd edək ki, cari ilin noyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 29 istehlakçının sayğac uçot komplektini pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 38,8 min  kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 2,3 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin ödənişi təmin edilmişdir.

Ümumiyyətlə isə, cari ilin 11 ayı ərzində burada 220 qayda pozuntusu faktı aşkar edilərək akt tərtib olunmuş, 551,2 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 33,1 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğlə yanaşı, ötən ilin aktlarına görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.