AVADANLIQLARA VƏ XƏTLƏRƏ QULLUQ DAVAM EDIR

Image

“Gəncə regional elektrik şəbəkəsi”nin (REŞ) tabeliyində fəaliyyət göstərən şəbəkə rayonlarında qış mövsümünü normal başa vurmaq üçün zəruri tədbirlər ardıcıllıqla həyata keçirilir. “Şəmkir Elektrik Şəbəkəsi” də bu mənada istisna deyil. Kollektiv başa çatmaqda olan 2012-ci ildə xətt və avadanlıqlarda bir sıra yeniləşmə işlərinə imza atmış, dövrün mütərəqqi istismar forması olan smart-kart tipli sayğacların quraşdırılmasına start verib. Artıq rayon mərkəzində abonentlər smart-kart tipli sayğaclarla təchiz olunublar.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Kür” qəsəbəsində 10-0,4 kV-lik elektrik verilişi xətlərində yenidənqurma işləri başlanıb. Belə ki, 10-0,4 kV-lik yeni dayaqlar quraşdırılır, 0,4 kV-lik naqillər SİP-kabellə dəyişdirilir və smart-kart tipli sayğaclar abonentlərin ünvanında yerləşdirilir. Növbəti ildə bu prosesin miqyası daha da genişləndiriləcəkdir. Rayonun Zəyəm və Çinarlı qəsəbələrində, Düyərli və Şiştəpə kəndlərində 0,4 kV-lik EVX SİP kabellə əvəzlənəcək və smart-kart tipli sayğaclar quraşdırılacaq.

Qeyd edək ki, müəssisənin xidmət etdiyi ərazidə əhalinin fasiləsiz enerji təchizatını təmin etmək məqsədi ilə cari ildə 20 km-dən çox 6-10 kV-lik elektrik verilişi xətti, 12 km uzunluğunda 0,4 kV-lik EVX-də cari təmir işləri aparılıb. Müxtəlif tipli 89 ədəd dayaq dəyişdirilib.  602 ədəd elektron tipli sayğac quraşdırılıb və istismarında qüsurlar yaranmış 798 ədəd sayğac dəyişdirilib.

Rayon üzrə müxtəlif gücə ma­lik 39  transformator əsaslı təmir edilib. Transformator məntəqələrinin 178-də isə təmir işləri görülüb.