TƏDBİRLƏR DAVAM ETDİRİLİR

Image

Son dövrlər “Ağsu Elektrik Şəbəkəsi”nin enerji təsərrüfatında həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verməkdədir. Bu barədə “Ağsu” EŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə məlumat verilib və bildirilib ki, rayonun elektrik enejisinin təchizatı ilə bağlı heç bir problem yoxdur. Mənbənin bildirdiyinə görə, bütün istehlakçı qruplar sutka ərzində keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunurlar.

Qeyd edək ki, əhalinin elektrik enerji təchizatının yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlər bu gün də davam etdirilir. Elektrik şəbəkəsinin xidməti ərazisində dirəklərin yenisi ilə əvəz olunması, dayaqların düşləndirilməsi, traverslərin quraşdırılması, naqillərin dartılması, onların yaşıl kütlədən təmizlənməsi və s istiqamətində mühüm işlər görülür. Məsələn, cari ilin son üç ayında  2 km-dən artıq xətt təmir edilmiş, 4 dayaq basdırılmış, 9 travers quraşdırılmışdır. Eyni zamanda 7 TM-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və bir transformator əsaslı təmir edilərək istehlakçıların xidmətinə verilmişdir.

Şəbəkədən daxil olan məlumata əsasən, cari ilin 11 ayı ərzində müəssisənin xidməti ərazisində ümumilikdə 38,7 milyon kilovatsaatdan artıq, o cümlədən noyabr ayında isə 3,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Daimi əhali istehlakçıları üzrə isə bu göstəricilər müvafiq olaraq 21,2 milyon kilovatsaatdan çox və 2,2 milyon kilovatsaatdan artıq olmuşdur.

“Elektrik enerjisindən qeyri-qanuni istifadə edən istehlakçılar hələ də var”, – deyən mənbə onu da bildirdi ki, cari ilin 11 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 190 istehlakçının (bunun 148-i məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib. Aşkar edilmiş qayda pozuntuları müvafiq formada aktlaşdırılıb və 639,6 min kilovatsaatdan artıq (bunun 414,8 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 38,4 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 85%-dən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi üçün müvafiq tədbirlər görülür.

O cümlədən, cari ilin noyabr ayında keçirilmiş reydlər zamanı 25 istehlakçının (bunun 18-i məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) sayğac uçot komplektində qüsur aşkar edilmiş və 56,2 min kilovatsaatdan artıq (bunun 35,3 min kilovatsaatdan çoxu yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 3,4 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 83 faizinin ödənişi təmin edilmişdir. Sonda onu da qeyd edək ki, hazırda rayon üzrə təmir işlərinin və reydlərin keçirilməsi davam etdirilir.