PAYLAYICI ŞƏBƏKƏDƏ YENİLƏŞMƏ DAVAM ETDİRİLİR

Image

Respublikamızın kənd təsərrüfatı rayonlarından olan Tərtərin elektrik enerji təchizatının dayanıqlılığı tam təmin edilir.  Rayon elektrik şəbəkəsinin kollektivi bu sahədə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır.

Şəbəkənin istismar səviyyəsinin yüksəldilməsi məqsədilə görülən tədbirlər barədə “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə,  yarımstansiyalarda, transformator məntəqələrində avadanlıqlara texniki baxışlar həyata keçirilib və cari ilin son üç ayı ərzində 13 TM-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda müxtəlif gücə malik iki transformator təmirdən çıxarılmış və təkrar şəbəkəyə qoşulmuşdur.

Qeyd edək ki,  həm rayon mərkəzində, həm də kəndlərdə enerji təsərrüfatının qış mövsümünə hazırlanması üçün məqsədyönlü tədbirləri cari ilin son üç ayında da davam etdirilmişdir. Rayon mərkəzi, Borsunlu, Küşərli, Xoruzlu kəndlərindəki paylayıcı şəbəkələrdə yenidənqurma işləri aparılmışdır. Ümumiyyətlə, sözügedən dövrdə 10 və 0,4 kV-lik xətlərin 19 kilometri təmir edilmiş, 3,2 km-dən çoxu dəyişdirilmiş və 15 ağac dayaq dəmir beton dayaqla əvəzlənmişdir. Bütün bunlarla yanaşı qışa hazırlıqla əlaqədar xətlər yaşıl kütlədən təmizlənmiş, məftillər dartılmış və digər qabaqlayıcı tədbirlər görülmüşdür.

Onu da qeyd edək ki, həyata keçirilən işlər müəssisənin digər texniki-iqtisadi göstəricilərinə də müsbət təsir göstərir. Cari ilin noyabr ayında müəssisə üzrə 8,2 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilib. O cümlədən daimi əhali qrupu üzrə bu göstərici 2,2 milyon kilovatsaata yaxın olub.

Yeri gəlmişkən, cari ilin 11 ayı ərzində isə müəssisənin xidməti ərazisində 96,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bunun da 24,4 milyon kilavatsatdan çoxu daimi əhali istehlakçı qrupuna aiddir.

Onu da qeyd etmək yerinə düşərdi ki, istehlakçıların sayğac-uçot komplektinə baxış keçirilən zaman aşkar edilən qayda pozuntularına görə,  cari ilin noyabr ayında 115-dən artıq (bunun 110-u məişət abonenti (əhali) istehlakçı qrupuna aiddir) istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 482 min  kilovatsaat (bunun 391,9 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçı qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 29 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 36 faizinin ödənişi təmin edilmişdir.

Mənbədən əldə edilən digər bir məlumata görə, cari ilin 11 ayı ərzində burada 485-dən artıq (bunun 405-i məişət abonenti (əhali) istehlakçı qrupuna aiddir) qayda pozuntusu faktı aşkar olunmuşdur. Nəticədə 2 milyon 839,4 min kilovatsaata yaxın (bunun 1 milyon 281,3 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçı qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 170,3 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 70 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.