AQREQATLARA NÖVBƏTİ TEXNİKİ QULLUQ GÖSTƏRİLMİŞDİR
Ən müasir texnologiyaların tətbiqi ilə tikilərək istifadəyə verilmiş generasiya mənbələrindən biri olan “Şahdağ” elektrik stansiyasının (ES) respublikanın şimal bölgəsinin elektrik enerjisi təchizatının yaxşılaşdırılmasında böyük rolu var.
“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Şahdağ” ES-də cari ilin oktyabr ayında 25,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal olunmuşdur.
Qeyd edək ki, 2015-ci ilin 10 ayı ərzində isə bu rəqəm 290,4 milyon kilovatsaatdan artıq təşkil etmişdir.
Onu da qeyd edək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində cari ilin 10 ayında da digər texniki iqtisadi göstəricilərdə qənaətbaxş nəticələr əldə olunmuşdur.
Mənbə onu da bildirdi ki, elektrik stansiyasında porşen tipli mühərriklərdən ibarət olan aqreqatlara nəzərdə tutulmuş bütün texniki xidmətlər qrafikə uyğun vaxtında göstərilır. O cümlədən, cari ilin son üç ayı ərzində bir neçə aqreqatda növbəti istismar həddinə uyğun texniki qulluq işləri görülmüşdür. Eyni zamanda aqreqatların soyutma və yağlama sistemlərində yaranan qüsurlar aradan qaldırılmış və aqreqatların radiatorları yuyulmuşdur.
Yeri gəlmişkən, mövcud iqlim şəraiti ilə bağlı yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Sözügedən dövrdə yanğın təhlükəsizliyi üzrə profilaktiki işlər görülmüş, texniki-müayinə zamanı aşkarlanmış çatışmamazlıqlar aradan qaldırılmışdır. Qrafikə uyğun olaraq yanğın texniki-təhlükəsizlik və əks qəza məşqləri də keçirilmişdir.
Xatırladaq ki, ümumi gücü 105 meqavat olan “Şahdağ” elektrik stansiyası 12 aqreqatdan ibarətdir.