TƏMİR KAMPANİYASININ GEDİŞİNDƏ PROBLEM YOXDUR
İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yarımstansiyalarda, qurğu və avadanlıqlarda əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi, itkilərin azaldılması yevlaxlı energetiklərin ən mühüm vəzifələrindən birinə çevrilib. Qış mövsümü ilə əlaqədar bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir.
“Yevlax Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və bildirilir ki, xidməti ərazidə istehlakçıların elektrik enerjisinə olan tələbatının daha keyfiyyətli şəkildə təmin edilməsi məqsədilə 2012-ci ilin on ayı ərzində şəbəkənin xidməti ərazisində olan müxtəlif güclü 60 ədəd transformator məntəqəsi əsaslı və cari təmirdən çıxarılıb. 10-6-0,4 kilovoltluq elektrik verilişi hava xətlərində 20 km uzunluğunda əsaslı və cari təmir işləri aparılıb. Eyni zamanda, şəbəkənin balansında olan 330, 110, 35, 10, 6 kilovoltluq hava xətlərinə baxış keçirilib, xəttin mühafizə zolağına düşən yaşıl kütlələr təmizlənib.
Qeyd edək ki, cari ilin arxada qalan ayları ərzində enerji israfçılığının qarşısının alınması istiqamətində də müvafiq işlər həyata keçirilib. Təkcə onu qeyd etmək yerinə düşər ki, “Yevlax” EŞ-nin əməkçiləri rayonun kəndlərində həyətyanı sahələrdən iki min ədəd sayğacı xüsusi qutularda, baxış üçün maneəsiz yerə çıxarıblar. Şəbəkənin xidməti ərazisində yeni tikilmiş fərdi yaşayış evlərinə də birfazlı 258 ədəd sayğac quraşdırılaraq vətəndaşlara elektrik enerjisi verilib.
Yeri gəlmişkən onu da qeyd edək ki, “Yevlax Elektrik Şəbəkəsi” 2012/2013-cü illərin payız-qış mövsümü üçün nəzərdə tutulan hazırlıq işlərini tam həcmdə yerinə yetirib. Hazırda isə baş verə biləcək qəzaların qarşısının alınması istiqamətində xətt və avadanlıqlarda profilaktik işlər həyata keçirilir.