GÖRÜLƏN TƏDBİRLƏR ÖZ NƏTİCƏSİNİ VERİR
Istehlakçıların elektrik enerjisi təchizatının yaxşılaşdırılması ilə bağlı elektrik şəbəkələrində ardıcıl və məqsədyönlü tədbirlər davam etməkdədir. Bu baxımdan, Neftçala rayonunun elektrik enerjisi ilə təchizatı sahəsində də vəziyyət qənaətbəxşdir.
“Neftçala Elektrik şəbəkəsi”ndən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məluma görə, müəssisənin xidməti ərazisində cari ilin noyabr ayında 10,6 milyon kilovatsaat elektrik enerjisi istehlak edilmişdir ki, onun da 4,7 milyon kilovatsaatdan çoxu daimi əhali istehlakçılar qrupuna aiddir.
Qeyd edək ki, cari ilin 11 ayı ərzində isə müəssisənin xidməti ərazisində ümumilikdə 130,5 milyon kilovatsaatdan çox elektrik enerjisi istehlak edilmişdir. O cümlədən, daimi əhali istehlakçılar qrupu üzrə isə bu göstərici 55,6 milyon kilovatsaata yaxındır. İstehlakçılara verilən elektrik enerjisinin haqqının ödənilməsi sahəsində əhalinin ödənişə cəlb olunması qarşıda duran əsas vəzifələrdəndir.
Onu da qeyd edək ki, elektrik enerjisi ilə təchizat sahəsində vəziyyətin qənaətbəxş olması rayonun elektrik təsərrüfatında görülmüş əsaslı və cari təmir işləri ilə də bağlıdır. Belə ki, burada son üç ay ərzində bir yeni transformator məntəqəsi (TM) istismara verilmiş, 20-dən artıq TM-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, ümumi gücü 720 KVA olan üç ədəd transformator isə əsaslı təmir olunmuşdur. Eyni zamanda 10, 6 və 0,4 kV-lik EVX-lərin 13,4 kilometrdən artıq hissəsində də mühüm işlər həyata keçirilmişdir.
Mənbədən əldə edilən digər bir məlumata görə, cari ilin 11 ayı ərzində keçirilmiş reydlər zamanı müəssisənin xidməti ərazisində 250-dən artıq istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 2 milyon 298,8 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 137,9 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin 92 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
O cümlədən, cari ilin noyabr ayında 31 qayda pozuntusu faktı aşkar olunmuşdur. Nəticədə 154 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 9,1 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin ödənişi əsasən (98%) təmin edilmişdir.