İTKİLƏR AZALDILIR

Image

“Hacıqabul Elektrik Şəbəkəsi”ndən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda qeyd edilir ki, təmir işləri nəzərdə tutulan qrafik üzrə aparılır. Dayaqlar daha keyfiyyətliləri ilə əvəz olunur, zərurət yaranan ərazilərdə məftillər dəyişdirilir. Bundan başqa, daha çox yüklənən transformator məntəqələrinin yükü azaldılır, həmin istehlakçılar digər TM-lərə qoşulur. Bu da itkilərin azalması və dayanıqlığın yaxşılaşdırılması baxımından müsbət təsirə malikdir.

Qeyd edək ki, müəssisə üzrə cari ilin 11 ayı ərzində ümumilikdə  115,7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak olunub. O cümlədən, cari ilin noyabr ayında isə bu göstərici 10,4 milyon kilovatsaata yaxın olub. Xidməti ərazidə olan daimi əhali qrupu istehlakçıları üzrə isə bu göstəricilər müvafiq olaraq 46,5 milyon kilovatsaata yaxın və 3,4 milyon kilovatsaatdan artıq olub.

Cari ilin son üç ayında müəssisənin xidməti ərazisində aparılan yenidənqurma işləri çərçivəsində smartkart tipli sayğacların quraşdırılması məqsədilə 130 metrə yaxın koaksal  kabel xətti çəkilmiş, 10 və 6 kV-lik xətlərin 8,6 kilometrə, 0,4 kV-lik xətlərin isə 2 kilometrə yaxını təmir edilmişdir. Eyni zamanda sözügedən dövrdə 20-dən artıq transformator məntəqəsində (TM) müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və ümumi gücü 0,4 MVA-ya yaxın olan iki transformator da əsaslı təmir edilərək istifadəyə verilmişdir.

Ümumilikdə isə sözügedən təsərrüfatın balans mənsubiyyətinə aid olan EVX, yarımstansiya və TM-lərdə mövsümə hazırlıq çərçivəsində bütün lazımi tədbirlər icra olunur.

Mənbədən onu da bildirdilər ki, şəbəkənin istismar səviyyəsinin yaxşılaşdırılması, kabel xətlərinin çəkilməsi, vaxtaşırı reydlərin keçirilməsi və digər qabaqlayıcı tədbirlərin görülməsinə baxmayaraq, elektrik enerjisindən qeyri-qanuni istifadə halları var və ona qarşı sərt tədbirlər görülür. Belə ki, cari ilin 11 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 280 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 2 milyon 532,1 min  kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 151,9 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin 22 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

O cümlədən, cari ilin noyabr ayında 62 qayda pozuntusu faktı aşkar olunmuşdur. Nəticədə 240,7 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 14,4 min manatdan cox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 19 faizdən çox hissəsinin ödənişi təmin edilmişdir.