EFFEKTİVLİK DAHA DA ARTIRILIR

Image

İstehlakçılara göstərilən  xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanması, kommersiya itkilərinin qarşısının alınması məqsədilə “Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi”nin (YGEŞ) balans mənsubiyyətinə aid olan elektrik verilişi xətlərində (EVX) və yarımstansiyalarda cari ilin son üç ayı ərzində bir sıra mühüm işlər yerinə yetirilmişdir.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, bu məqsədlə 110 kV-lik “Kimyaçılar” yarımstansiyasında 1 saylı 80 MVA transformator və akkumulyator batareyası yenisi ilə əvəz edilmişdir.  Eyni gərginlikli 135 saylı yarımstansiyada isə 6 kV-lik fiderlərin yağ açarları və onların avadanlıqları, sin ayrıcısı təmir edilmişdir. Hazırda yeni 6 kV-lik qapalı paylayıcı quruluşun (QPQ) avadanlıqları və mühafizə sisteminin quraşdırılması davam edir.

Qeyd edək ki, sözügedən dövrdə 110 kV-lik “Sumqayıt-2” yarımstansiyasında da müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda 330 kV-lik “Yaşma” yarımstansiyasında 110 kV-lik VII “Sumqayıt”, II, IV, V “Yaşma, II “Siyəzən” hava xətlərinin eleqaz açarları və onun avadanlıqları təmir olunmuşdur.

Mənbəyə istinadən onu da qeyd edək ki, analoji təmir işləri 110 kV-lik “Sumqayıt-3” və 220 kV-lik “Sənaye Qovşağı” yarımstansiyalarından da yan keçməmişdir. Hazırda 220 kV-lik “Yeni Zabrat” HX-nin quraşdırılması işlərinə başlanmışdır.

Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da qeyd edilir ki, dayanıqlığın daha da artırılması məqsədilə YGEŞ-in xidməti ərazisində yüksək gərginlikli elektrik verilişi xətləri üzrə də müvafiq bərpa işləri icra edilmişdir.  Belə ki, 330 kV-lik I “Abşeron” HX-də iki dayaqarası aşırımda naqillər təmir edilmiş, on dayaqda isə ildırımötürücü trosların armaturuna yuxarıdan baxış keçirməklə yoxlanılmışdır.

Eyni zamanda, 500 kV-lik II “Abşeron”, 330 kV-lik VIII “Abşeron”, 220 kV-lik “Yaşma”, 110 kV-lik II, IV, V, VII “Sumqayıt”, I, III “Sənaye Qovşağı”, I-III “Yaşma” hava elektrik verilişi xətlərinin də naqilləri təmir olunmuş, bir sıra anker dayaqlarındakı troslar dartılmış, şleyflər təftiş edilərək aşkar edilmiş qüsurlar aradan qaldırılmış, ildırımötürücü trosların armaturları yoxlanılmış, izolyatorlar yenisi ilə əvəzlənmiş, xətlərə mane olan hündür ağaclar budanmışdır. Bütün bunlarla yanaşı, yenidənqurma işləri ilə əlaqədar olaraq ikidövrəli 110 kV-lik I “Sənaye Qovşağı” və II “Sumqayıt” HX-lərin yeddi dayaqlararası aşırımında naqillər sökülmüşdür. Onu da qeyd etmək yerinə düşərdi ki, icrası reallaşdırılan tədbirlər enerji ötürücülərində dayanıqlığın  yüksək səviyyədə təmin edilməsinə geniş imkanlar açır.

Mənbədən onu da bildirdilər ki, yanğın təhlükəsizliyi ilə əlaqədar olaraq ərazidən yanğın törədə biləcək şeylərdən təmizlənmiş, yarımstansiyaların bütün yağ tutumlu elektrik avadanlıqlarında yağın normal səviyyəsi təmin edilmişdir. Eyni zamanda qəza yağ tutumlarına baxış keçirilmiş və qurunt sulardan təmizlənmişdir.