ƏMƏYİN MÜHAFİZƏSİ DİQQƏT MƏRKƏZİNDƏDİR
Əhalinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması ilə bağlı bölgələrdə ardıcıl və məqsədyönlü tədbirlər görülməkdədir. Həmçinin, “İsmayıllı Elektrik Şəbəkəsi” xidmət etdiyi ərazidə elektrik enerjisinin daha da dayanıqlı və keyfiyyətli paylanması, kommersiya itkilərinin qarşısının alınması, istehlak edilmiş elektrik enerjisinin dəyərinin vaxtında ödənilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, elektrik enerjisi ilə təminatı daha da yaxşılaşdırmaq, qış mövsümündə istehlakçıların elektrik enerjisi ilə fasiləsiz təchizatını təmin etmək məqsədi ilə burada mühüm işlər görülüb. Belə ki, 10-0,4 kV-lik elektrik verilişi xətlərində ümumilikdə 7,4 kilomerə yaxın hissədə təmir işləri görülüb. Rayon ərazisində müxtəlif gücdə 16 transformator məntəqəsində də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Ümumiyyətlə, rayonun elektrik təsərrüfatında həyata keçirilən tədbirlər nəticəsində enerji təchizatı daha da möhkəmlənmişdir.
Mənbəyə istinadən qeyd edək ki, təmir işləri ilə yanaşı elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində də reydlər davam etdirilir. Təkcə cari ilin oktyabr ayında keçirilmiş reydlər zamanı 18 qayda pozuntusu faktı aşkar edilərək müvafiq qaydada aktlaşdırılmışdır. Aktlar üzrə hesabat aparılaraq 110,8 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 6,6 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 32 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir.
Ümumiyyətlə, burada 2012-ci ilin 10 ayı ərzində 226 qayda pozuntusu faktı aşkar edilərək 913,7 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 54,8 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində həmin bu məbləğin 29 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Yeri gəlmişkən, digər müəssisələrdə olduğu kimi, burada da yanğın təhlükəsizliyi və əməyin mühafizəsi məsələləri də diqqət mərkəzindədir. İşçilərin peşəkarlıq səviyyələrinin yüksəldilməsinə daim diqqət yetirilir. Bunun üçün mütəmadi olaraq qəza məşqləri, müxtəlif treninqlər keçirilir. Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri də arzuolunan səviyyədədir. İşçilər bu istiqamətdə mütəmadi olaraq təlimatlandırılırlar.