ŞİRVAN İES: TƏMİR İŞLƏRİ DAVAM ETDİRİLİR

Image

Uzun müddətdir ki, fəaliyyətdə olan stansiyanın avadanlıqlarının daim işlək vəziyyətdə saxlamaq  böyük  zəhmət tələb etsə də, energetiklərimiz bu işlərin öhdəsindən çox bacarıqla gəlir və    avadanlıqları qəzasız işlətmək üçün var qüvvələri ilə çalışırlar. Xatırladaq ki, qoyuluş gücü 1050 MVt olan “Şirvan İES” 1962-ci ildən istismardadır.

Şirvan İES-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin payız-qış mövsümünə hazırlıq məqsədilə burada cari ilin son üç ayında sistem əhəmiyyətli xeyli işlər yerinə yetirilib. Belə ki, tədbirlər planına uyğun olaraq İES-də fəaliyyətdə olan 6 saylı enerji blokunda əsaslı təmir işləri başa çatdırılaraq blok istismara verilmişdir. Eyni zamanda sözügedən dövrdə digər enerji bloklarında da müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Bütün bunlarla yanaşı qrafik əsasında enerji bloklarında mütəmadi olaraq kondensatorlar və yağlama sisteminə verilən yağın normal temperaturunu saxlamaq üçün turbinlərin və generatorların yağ soyuducuları növbə ilə yuyulur.

Qeyd edək ki, sözügedən dövrdə 110 kV-lik I “Cənub” EVX-nin hava açarı və bir neçə transformator da təmir edilmişdir. Eyni zamanda, yarımstansiyada hava kompressorları qrafik üzrə təftiş və təmir olunmuşdur. Bütün bunlarla yanaşı mazut ötürücü nasoslara baxış keçirilmiş və aşkar edilən qüsurlar aradan qaldırılmışdır. Hidrotexniki sexdə isə 3 saylı dövran nasosu əsaslı təmir olunmuşdur. Yeri gəlmişkən, hazırda yanacağın nəqli sexində tutumu 20 min kub metr olan 14 saylı mazut çəninin əsaslı təmiri davam etdirilir. Stansiyanın  xidməti binalarında da müxtəlif təyinatlı təmir işləri icra edilmişdir .

Mənbədən  onu da bildirdilər  ki, İES-in kollektivi enerji bloklarının fasiləsiz və dayanıqlı işləməsi üçün zəruri olan bütün tədbirləri yerinə yetirməyə var qüvvəsi ilə çalışır.

Sonda məlumat üçün bildirək ki, sözügedən enerji obyektində cari ilin noyabr ayında 209,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal olunmuşdur. Cari ilin 11 ayı ərzində isə 2 milyard 597,2 milyon kilovatsaatdan artıq  elektrik enerjisi istehsal edilmişdir. Avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində digər texniki göstəricilər üzrə də yüksəlişə nail olunmuşdur.