ZAQATALA EŞ: TƏMİR İŞLƏRİ APARILIB
Payız-qış mövsümünə hazırlıq çərçivəsində “Zaqatala Elektrik Şəbəkəsi”ndə bir sıra mühüm işlər həyata keçirilib.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin son üç ayı ərzində müəssisənin xidməti ərazisində olan 10 kV-lik “S.Vurğun”, “Tala”, “Makov” və digər hava xətlərində həyata keçirilən təmir işləri xətlərin 2 kilometrdən artıq hissəsini əhatə etmişdir. 0,4 KV-lik xətlərin isə 10 km-dən artıq hissəsində təmir işləri aparılmışdır ki, buraya Mosul, lahıc, Qandax, Muğanlı və bir neçə kəndin paylayıcı şəbəkəsi daxildir.
Qeyd edək ki, payız-qış mövsümünə hazırlıq tədbirləri çərçivəsində hava xətlərin altındakı yaşıl kütlələr təmizlənib. Bu da baş verə biləcək qəza hallarının və qısaqapanmaların qarşısının alınması baxımından da mühüm əhəmiyyətə malikdir. Həmçinin, şəbəkənin balansında olan 13 transformator məntəqəsində də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Mənbədən onu da bildirdilər ki, rayonda elektrik enerjisindən qeyri-qanuni istifadə edən abonentlərə qarşı sərt tədbirlər görülür. Təbliğat işinin normal səviyyədə qurulmasına da ciddi diqqət yetirilir. Görülən tədbirlər elektrik enerjisindən daha çox istifadə olunduğu qış aylarlnda qeyri-qanuni müdaxilələrin qarşısının alınmasına təsirsiz ötüşməyəcək. Nəticədə istismar zamanı istifadə olunan avadanlıqlarda baş verə biləcək qəza halları minimum səviyyəyə endiriləcəkdir.
Mənbəyə istinadən qeyd edək ki, 2012-ci ilin oktyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 35 istehlakçının sayğac uçot komplektini pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 115,7 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 6,9 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 86 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.
Onu da qeyd edək ki, cari ilin 10 ayı ərzində isə burada 410-a yaxın qayda pozuntusu faktı aşkar edilərək akt tərtib olunmuş, 1 milyon 233,7 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 74 min manatdan cox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 66 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.