TƏMİR KAMPANİYASI UĞURLA YERİNƏ YETİRİLİR
İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yarımstansiyalarda, ötürücü qurğularda əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi, itkilərin azaldılması energetiklərin ən mühüm vəzifələrindən biridir. Digər enerji obyektlərində olduğu kimi “Mingəçevir Regional Elektrik Şəbəkəsi”nin (REŞ) xidməti ərazilərində də bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir ki, müvafiq tədbirlər REŞ-in fəaliyyət dairəsinə məxsus olan “Goranboy” elektrik şəbəkəsində də uğurla yerinə yetirilib. Belə ki, cari ilin son üç ayı ərzində istehlakçıların elektrik enerjisinə olan tələbatının daha da keyfiyyətli şəkildə təmin edilməsi məqsədilə 10 kV-lik “Qazaxlar”, “Göynüyən” və “Ferma” HX-lərində (11,2 km məsafədə) təmir işi görülərək xəttin trassası yaşıl kütlədən təmişlənmiş, naqillərin qabariti aradan qaldırılmışdır. Analoji tədbirlər sırasına 10 kV-lik “Qarasuçu”, “Böyrü”, “Telestudiya” və digər EVX-lər də daxildir. Bu elektrik xətlərində də naqillərin yeniləri ilə əvəz edilməsi ilə yanaşı, dayaqlar düzəldilmiş, izolyatorlar yeniləri ilə əvəz edilmişdir. Məlumat üçün bildirək ki, cari ilin son 3 ayı ayı ərzində 27,8 kilometr 10 kV-lik EVX-də əsaslı və cari təmir işləri ğörülmüşdür. Qeyd edək ki, tədbirlər Safkürd kəndində və rayon mərkəzində iki TM-dən qidalanan 0,4 kV-lik xətlərdə də yerinə yetirlmiş, 6 dayaq yenisi ilə əvəzlənmiş, eyni sayda travers quraşdırılmış və bir kilometrə yaxın xətt çəkilmişdir.
Onu da qeyd edək ki, müxtəlif təyinatlı təmir işləri EŞ-in balans mənsubiyyətinə daxil olan 32 TM-də də aparımış və eyni zamanda 7 transformator əsaslı təmir edilərək istehlakçıların xidmətinə verilmişdir. Ümumiyyətlə, icra edilmiş müxtəlif təyinatlı təmir-bərpa işləri enerji daşıyıcıların dayanıqlığını daha da artırmış və iş qabiliyyətini daha da gücləndirmişdir.
Mənbəyə istinadən onu da qeyd edək ki, cari ilin oktyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 32 qayda pozuntusu (bunun 21-i məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) aşkar edilərək akt tərtib olunmuşdur. Aktlar üzrə müvafiq qaydada hesabat aparılaraq 273,8 min kilovatsaatdan artıq (bundan 49,2 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 16,4 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 10 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.
Qeyd edək ki, cari ilin 10 ayı ərzində isə burada 1070-ə yaxın istehlakçının (bundan 907-i məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 4 milyon 392,5 min kilovatsaatdan artıq (bundan 2 milyon 294,9 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 263,4 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.