“ŞƏKİ REŞ” : MÖVSÜMİ HAZIRLIQ UĞURLA YERİNƏ YETİRİLİR
Bütün enerji müəssisələrinin xidməti ərazilərində istismar səviyyəsinin yüksəldilməsi, eyni zamanda qarşıdan gələn payız-qış mövsümünə hazırlıq məqsədilə yenidənqurma işləri və müxtəlif təyinatlı sistem əhəmiyyətli təmir işləri həyata keçirirlər.
“Şəki Regional Elektrik Şəbəkəsi”ndən (REŞ) cari ilin son üç ayı ərzində həyata keçirilmiş təmir işləri ilə bağlı “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, 110 kV-lik “İsmayıllı” hava xəttində (HX) iki dayaq yenisi ilə əvəzlənmiş, iki anker künc dayaq isə təmir olunmuşdur. Eyni zamanda 110 kV-lik I, II və III “Qəbələ”, I və II “Zaqatala”, “Qubaxəlilli” budaqlanmasında, 35 kV-lik “Taxılçılıq”, “Çüşməli” və digər bir neçə HX-lərdə də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Qeyd edək ki, 110 və 35 kV-lik HEVX-də aparılmış təmir işləri zamanı həmin bu xətlərin ümumilikdə 28 kilometri təmir edilmişdir.
Onu da qeyd edək ki, sözügedən dövrdə 110 və 35 kV-lik yarımstansiyalarda da müxtəlif təyinatlı təmir işləri görülmüşdür. Bu tədbirlər sırasına 110 kV-lik “Zaqatala”, “İsmayıllı”, “Balakən”, 35 kV-lik “Nic”, “Oğuz”, “İvanovka”, “Alazan”, “Muğanlı” və digər yarımstansiyaları daxil etmək olar. Ümummiyyətlə, cari ilin son üç ayı ərzində 110 kV-lik yarımstansiyalarda 150-dən artıq, 35 kV-lik yarımstansiyalarda isə 40-a yaxın avadanlıqlarda əsaslı və cari təmir işləri görülmüşdür. Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin son üç ayı ərzində 110 kV-lik “Şəki” yarımstansiyasında 4 ədəd eleqaz açarı quraşdırılmış, “Hacallı” və “Qəbələ” yarımstansiyalarında tikinti-quraşdırma işləri də aparılmışdır.
Yeri gəlmişkən, REŞ-in fəaliyyət dairəsinə aid Zaqatala rayonu Qımır, Bazar, Mamrıx, Gözbarax kəndləri və “Balakən-Qazbinə” hava xətti də diqqətdən kənarda qalmamışdır. Enerji obyektindən daxil olan məlumata əsasən, sözügedən kəndlərin 0,4 kV-lik EVX-ləri yenidən qurulmuş, HX-də isə 300-dən çox dayaq quraşdırılmış və 8,2 kilometr SİP kabel xətti çəkilmişdir. Mənbədən bildirilir ki, həyata keçirilən tədbirlər qış mövsümündə enerji daşıyıcılarının keyfiyyətli iş rejimini daha da artıracaqdır.
Sonda onu da qeyd edək ki, müəssisənin xidməti ərazisində yanğın təhlükəsizliyi ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir. O cümlədən, EVX-lərin trassası, yarımstansiyaların ərazisi quru otlardan təmizlənir, yağ tutumlu avadanlıqlarda yağın səviyyəsi, girimlərdə təzyiqlərin və transformatorlarda temperaturun norma həddində saxlanması təmin edilir.