“MİNGƏÇEVİR SESS”: YENİDƏNQURMQ İŞLƏRİ DAVAM ETDİRİLİR

Image

Respublika enerji sisteminin bütün sahələrində, o cümlədən 1954-cü ildən istismarda olan, Qafqazda analoqu olmayan ən böyük enerji obyektlərindən biri hesab edilən “Mingəçevir Su Elektrik Stansiyası Silsiləsi”ndə də avadanlıqların iş səmərəliliyinin artırılması məqsədilə bir sıra təmir və texniki təftiş işləri aparılmış, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində isə bir sıra tədbirlər həyata keçirilmişdir. Hasirda burada yenidənqurma işləri davam etdirilir.

Yeri gəlmişkən, “Mingəçevir SES”də 1 və 3 saylı hidroaqreqatlarda yenidənqurma işləri davam etdirilir. Cari ilin son üç ayında da işdə olan hidroaqreqatlarda cədvəl üzrə nəzərdə tutulmuş texniki xidmət işləri başa çatdırılmışdır.

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən stansiyada cari ilin 10 ay ərzində 377,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal olunmuşdur. O cümlədən, cari ilin oktyabr ayında isə 39,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.

“Digər enerji obyektləri kimi adıçəkilən obyektdə də iş rejimi günün tələblərinə cavab verə biləcək səviyyədədir. Hal-hazırda elektrik stansiyası dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir”, – deyən mənbə onu da bildirdi ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.