TƏMİR İŞLƏRİ DAVAM EDİR
Respublikamızın enerji müəssisələrində payız-qış mövsümünə hazırlıq işləri davam etdirilir. “Mingəçevir Regional Elektrik Şəbəkəsi”nin əhatə etdiyi rayonlarda da bu istiqamətdə məqsədyönlü tədbirlər əvvəlcədən tərtib olunmuş plan-qrafik əsasında həyata keçirilir. Görülmüş və hazırda davam etdirilən tədbirlər elektrik enerjisinin texniki itkisinin minimum səviyyəyə salınması ilə yanaşı şəbəkələrin istismar vəziyyətinin daha da yaxşılaşmasına səbəb olur.
Müəssisədən “Yevlax Elektrik Şəbəkəsi” (EŞ) üzrə görülmüş işlər barəsində “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin son üç ayı ərzində 110 kV-lik “Yevlax”, 35 kV-lik “Malbinəsi”, “Xanabad”, “Yuxarı Bucaq” və digər bir neçə yarımstansiyadan çıxan 10 və 6 kV-lik hava xətlərində (HX) müxtəlif təyinatlı təmir işləri aparılmış, o cümlədən həmin xətlərin 5,7 kilometri əsaslı təmir edilmişdir. Eyni zamnda sözügedən rayonun Əcəmi, Qaraməmmədli, Hacmahmudlu kəndi, həmçinin Yevlax şəhər ərazisində ümumilikdə 7,1 kilometr 0,4 KV-lik xətt də təmir edilmiş, bir neçə dayaq və travers dəyişdirilmiş, xəttin trassası yaşıl kütlədən təmizlənmiş, dayaqlar düzləndirilmişdir.
Qeyd edək ki, təmir işləri EŞ-in xidməti ərazisində olan transformator məntətəqələrindən də yan keçməmişdir. Belə ki, sözügedən müəssisə üzrə həmin bu dövrdə 7 TM-də müxtəlif təyinatlı təmir işləri aparılmış və 2 müxtəlif güclü transformator əsaslı təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur.
Müəsisədən əldə edilən digər bir məlumata görə, cari ilin oktyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 104 qayda pozuntusu faktı aşkar olunmuşdur ki, bundan da 31-i məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılaraq 988 min kilovatsaatdan artıq (bundan 140,5 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 51,1 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Onu da qeyd edək ki, 2012-ci ilin 10 ayı ərzində keçirilmiş reydlər zamanı 510-dan artıq istehlakçının (bundan 347-i məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) sayğac uçot komplektində qüsur aşkar edilərək 3 milyon 788 min kilovatsaata yaxın (bundan 1 milyon 244,1 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 227,3 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.