AVADANLIQLAR QIŞA HAZIRLANIR

Image

Xidməti ərazilərində daha dayanıqlı elektrik enerjisi təminatının yaradılması məqsədilə “Mingəçevir Elektrik Şəbəkəsi”nin (EŞ) balans mənsubiyyətinə daxil olan elektrik verilişi xətlərində (EVX) və transformator məntəqələrində son aylar ərzində bir sıra sistem əhəmiyyətli təmir-bərpa işləri yerinə yetirilmişdir.

Müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda  qeyd edilir ki, ümumiyyətlə payız-qış mövsümünə hazırlıqla əlaqədar olaraq tədbirlər planı hazırlanıb həyata keçirilir. Tədbirlər planına uyğun olaraq, dayanıqlığın daha da möhkəmləndirilməsi məqsədilə 35 kV-lik “Karxana” yarımstansiyasından çıxan 6 kV-lik 12 saylı hava elektrik xəttı kabellə əvəzlənmişdir. Eyni zamanda 110 kV-lik “Az.İES” yarımstansiyasından çıxan 6 kV-lik 2 saylı HX də yenisi ilə əvəz edilmişdir. Bir sözlə, 6 KV-lik şəbəkə üzrə nəzərdə tutulmuş işlər qrafikə uyğun uğurla başa çatmış və 1,7 km-ə yaxın xətdə müxtəlif təyinatlı təmir işləri aparılmışdır.

Qeyd edək ki, rayonun Rəfibəyli, Şəhriyar, A.Şaiq və digər küçələrində, “AzDRES” qəsəbəsində 0,4 kV-lik enerji daşıyıcılarında da müvafiq təmir-bərpa işlər yerinə yetirilib. O cümlədən, 6 dayaq yenisi ilə əvəzlənmiş, 1400 metr SİP kabel xətti çəkilmiş və 1,8 km-ə yaxın hissəsdə isə əsaslı və cari təmir işləri aparılmışdır.

Yeri gəlmişkən, cari ilin son 3 ayı ərzində rayon üzrə 9 TM-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və 6 müxtəlif güclü transformator təmir edilərək istifadəyə verilmişdir.

Onu da qeyd edək ki, həyata keçirilən analoji tədbirlər yarımstansiyaların, elektrik verilişi xətlərinin qəzasız və dayanıqlı işləməsi üçün əsaslı zəmin yaradır.

Mənbə onu da bildirdi ki, müəssisənin xidməti ərazisində cari ilin oktyabr ayında  keçirilmiş reydlər zamanı 14 qayda pozuntusu (bunun 12-i məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir)  faktı aşkar edilərək müvafiq qaydada aktlaşdırılmışdır. Nəticədə 65,9 min kilovatsaatdan artıq (bundan 24,2 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 4 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 32 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, ümumiyyətlə isə cari ilin 10 ayı ərzində burada 67 qayda pozuntusu (bundan 30-u məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir)  faktı aşkar edilərək 1 milyon 995,8 min kilovatsaatdan artıq (bundan 97,7 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 119,7 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.