REYDLƏR MÜNTƏZƏM OLARAQ DAVAM ETDİRİLİR
“Azərenerji” ASC-nin Mətbuat xidmətinə “Ağstafa” elektrik şəbəkəsindən (EŞ) daxil olan məlumata görə, cari ilin oktyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 16 qayda pozuntusu aşkar edilərək akt tərtib olunmuşdur. Aktlar üzrə müvafiq qaydada hesabat aparılaraq 22,3 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 1,3 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Qeyd edək ki, cari ilin 10 ayı ərzində isə burada 140-a yaxın istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 309,1 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 18,5 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğlə yanaşı, ötən ilin aktlarına görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir. Hazırda debitor borcların, o cümlədən aktlara görə yaranmış qalan hissənin ödənilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Mənbədən qayda pozuntularının təsnifatı və istehlakçı qrupu barədə əldə etdiyimiz məlumata istinadən onu da bildirək ki, elektrik enerjisindən kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir.
Yeri gəlmişkən, cari ilin 10 ayı ərzində aşkar edilmiş qayda pozuntularına görə tədbir görülməsi üçün 10 istehlakçının sənədləri hüquq mühafizə orqanlarına göndərilmişdir.
“İstehlakçıların daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi, yarana biləcək hər hansı bir qəzanın qarşısının vaxtında alınması məqsədilə elektrik verilişi xətlərində (EVX) və transformator məntəqələrində (TM) müvafiq təmir işləri həyata keçirilir”, – deyən mənbə onu da bildirdi ki, cari ilin son üç ayı ərzində müəssisənin balans mənsubiyyətinə aid olan 10 və 6 kV-lik xətlərin 9,5 km-i təmir edilmiş, 0,4 kV-lik xətlərdə isə həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri zamanı ümumilikdə 5,5 kilometrə yaxın xətt təmir edilmişdir.
Onu da qeyd edək ki, təmir kampaniyası zamanı paralel olaraq 23 TM-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və ümumi gücü 5 MVA-dan artıq olan 25 transformator da təmir edilərək istifadəyə verilmişdir.