QAZAX EŞ: QAYDA POZUNTULARININ QARŞISI ALINIR

Image

“Qazax Elektrik Şəbəkəsi” (EŞ) xidməti ərazisində elektrik enerjisinin daha da dayanıqlı və keyfiyyətli paylanması, itkilərin azaldılması, istehlaka ötürülən enerjinin dəyərinin ödənilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin oktyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 13 qayda pozuntusu faktı aşkar olunmuşdur. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılaraq 247,3 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 14,8 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, 2012-ci ilin 10 ayı ərzində keçirilmiş reydlər zamanı 170 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 938 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 56,2 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 63 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Mənbədən əldə edilən digər bir məlumata görə,  müəssisənin xidməti ərazisində elektrik enerjisi ilə təminatı daha da yaxşılaşdırmaq, qış mövsümündə istehlakçıların elektrik enerjisi ilə fasiləsiz təchizatını təmin etmək məqsədi ilə cari ilin son üç ayında da mühüm işlər görülüb. Belə ki, 10-0,4 kV-lik elektrik verilişi xətlərində 4 kilomerə yaxın təmir işləri görülüb. 0,4 kV-lik şəbəkə üzrə 500 metr yeni kabel xətti çəkilib və eyni miqdarda kabel xətti yenisi ilə əvəzlənmişdir. Rayon ərazisində ümumi gücü 5,4 MVA-dan artıq olan 17 transformator təmir olunaraq saz vəziyyətə gətirilib. Ümumiyyətlə, rayonun elektrik təsərrüfatında həyata keçirilən tədbirlər nəticəsində enerji təchizatı daha da möhkəmlənib.

Qeyd edək ki, burada əməyin mühafizəsi məsələləri də diqqət mərkəzindədir.  İşçilərin peşəkarlıq səviyyələrinin yüksəldilməsinə daim diqqət yetirilir. Bunun üçün mütəmadi olaraq qəza məşqləri, müxtəlif treninqlər keçirilir. Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri də arzuolunan səviyyədədir.