SABİRABAD EŞ: REYDLƏR DAVAM ETDİRİLİR
“Sabirabad Elektrik Şəbəkəsi”ndən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin 10 ayı ərzində keçirilmiş reydlər zamanı 1300-ə yaxın istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 7 milyon 404,9 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 444,2 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 48 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir. O cümlədən, 2012-ci ilin oktyabr ayında keçirilmiş reydlər zamanı 150-dən çox qayda pozuntusu faktı aşkar edilərək 970,6 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 58,2 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 78 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir.
Mənbəyə istinadən onu da qeyd edək ki, digər müəssisələrdə olduğu kimi, burada da istehlakçılara xidmətin səviyyəsinin daha da yüksəldilməsi, texniki itkilərin azaldılması və s. ilə əlaqədar həyata keçirilən təmir- bərpa işləri cari ilin son üç ayında da uğurla davam etdirilmişdir. Belə ki, sözügedən dövrdə 10 kV-lik xətlərin ümumilikdə 6,5 km-i təmir edilmişdir. Buraya “Sənaye kombinatı”, I-III “Şəhər”, “Türkədi”, “Cavid”, “Qruzma” və digər eynigərginlikli xətlər daxildir.
Qeyd edək ki, rayonun Əlicanlı, Xəlfəli, Şəhriyar, Xankeçən və digər kəndlərində, eyni zamanda Sabirabad şəhəri ərazisində olan 0,4 kV-lik xətlərin ümumilikdə 5,2 km-ə yaxın hissəsində də əsaslı və cari təmir işləri aparılmışdır. Bütün bunlarla yanaşı müəssisənin balansında olan 55-dən çox müxtəlif gücdə transformator da təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur.
Onu da qeyd etmək yerinə düşərdi ki, aidiyyəti TM-lər üzrə də bir sıra tədbirlər yerinə yetirilib. EŞ-in xidməti ərazilərində vaxtında həyata keçirilmiş müvafiq işlər hazırkı iqlim şəraitində elektrik enerjisinin daha da keyfiyyətli və dayanıqlı ötürülməsi üçün geniş imkan yaradıb.
Sonda onu da bildirək ki, burada da yanğın təhlükəsizliyi tədbirləri diqqət mərkəzindədir. Belə ki, HX-lərin trassası və TM-lərin əraziləri quru otlardan, yağ tutumlu avadanlıqların ətrafı çirkli yağ örtüyündən təmizlənmişdir. Eyni zamanda mühafizə avadanlıqlarının nəzarət və ölçü cihazları təftiş edilmiş, aşkar edilmiş qüsurlar aradan qaldırılmışdır.