AVADANLIQLARA TEXNİKİ QULLUQ GÖSTƏRİLİB

Image

Enerjisistemin səmərəli fəaliyyəti üçün lazımi təminatlar yaradılır, elektrik enerjisinin istehsalı və ötürülməsi sisteminin təkmilləşdirilməsi sahəsində çox böyük işlər görülüb, irimiqyaslı yeni layihələr həyata keçirilib və hazırda da bu istiqamətdə işlər uğurla davam etdirilir. Belə layihələrdən olan generasiya gücləri arasında məxsusi yeri olan “Səngəçal Elektrik Stansiyası”  dispetçer qrafikinə uyğun şəkildə istismar edilir.

Stansiyadan “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin oktyabr ayında  müəssisədə 122,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Qeyd edək ki, cari ilin 10 ayı ərzində isə burada 1 milyard 208,9 milyon kilovatsaatdan artıq  elektrik enerjisi istehsal edilmişdir.

Avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik stansiyasının digər texniki iqtisadi göstəriciləri də qənaətbəxşdir.

“Digər enerji müəssisələrində olduğu kimi, burada da 2012/2013-cü illərin payız-qış mövsümünü normal keçirmək məqsədilə tədbirlər planına uyğun olaraq enerji bloklarında müxtəlif təyinatlı təmir işləri aparılır. Eyni zamanda digər elektrik avadanlıqlarında da profilaktik işlər icra edilir”, – deyən mənbə cari ilın son üç ayı ərzində həyata keçirilmiş işlər barəsində də məlumat verdi.

Mənbəyə istinadən qeyd edək ki, sözügedən dövrdə stansiyada istismar edilən aqreqatların 14-də növbəti, istismar həddinə uyğun olaraq texniki baxış keçirilmişdir. Bu zaman istismar dövründə meydana çıxan qüsurlar operativ şəkildə aradan qaldırılmış və bir daha təkrar baxışdan sonra yenidən istismara buraxılmışdır. Yeri gəlmişkən, aqreqatlarla yanaşı köməkçi avadanlıqlarda da təmir işləri yerinə yetirilmişdir. Stansiyada bütün işlər günün tələbləri səviyyəsində qurulub. Hazırda fəaliyyətdə olan aqreqatlar işlək vəziyyətdədir.

Digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar müntəzəm olaraq stansiyanın və yarımstansiyanın ərazisi quru otlardan təmizlənmiş, ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirilmişdir. Eyni zamanda qrafikə uyğun olaraq yanğın texniki-minimum və əks qəza məşqləri də keçirilmişdir.

Xatırladaq ki, ümumi gücü  300 MVt olan bu elektrik stansiyası 18 aqreqatdan ibarətdir.   Sözügedən stansiyanın digər stansiyalardan fərqi ondadır ki,  burada əsas yanacaq kimi qaz və mazutdan, keçid proseslərində isə dizel yanacağından istifadə edilir.