“BAKI İEM”: ƏSASLI TƏMİR İŞİ BAŞA ÇATIB

Image

Digər enerji obyektlərində olduğu kimi “Bakı İstilik Elektrik Mərkəzi”ndə (İEM) də mövsümi tədbirlər vaxtlı-vaxtında icra edilir. Bu da öz növbəsində istehsal prosesinin dayanıqlığını daha da artırır və nəticədə texniki–iqtisadi göstəricilərin daha da yaxşılaşmasına kömək edir.

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən stansiyada dispetçer qrafikinə uyğun olaraq cari ilin oktyabr ayında 29,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.

Mənbəyə istinadən qeyd edək ki, müəssisədə cari ilin 10 ayı ərzində 259,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.

“Mövsümə hazırlıq tədbirləri davam etdirilir”, – deyən mənbə cari ilin son üç ayı ərzində həyata keçirilmiş təmir-tikinti işləri barəsində onu bildirdi ki, 2 saylı Qaz-Turbin Qurğusunun əsaslı təmir işi başa çatdırılmış və hazırda sazlama işləri aparılır. Təsirlənmə sistemində yaranmış nöqsanın aradan qaldırılması istiqamətində aparılmış işlər isə başa çatmaqdadır. Eyni zamanda stansiyanın iş rejimində istismar edilən müxtəlif təyinatlı nasoslar və digər köməkçi avadanlıqlar təmir edilmişdir. Bundan əlavə pik boylerin də müxtəlif təyinatlı təmir işləri aparılmış və təzyiq altında yoxlanılmışdır. Bütün bunlarla yanaşı 1 saylı QTQ-də də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.

Yeri gəlmişkən, sözügedən dövrdə müxtəlif təyinatlı təmir işləri kimya sexində, dəniz su xəttində, hava kompressorlarında və digər köməkçi sahələrin avadanlıqlarında həyata keçirilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, mövcud iqlim şəraiti ilə bağlı yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Belə ki, yanğınsöndürmə vasitələrinə, yanğına qarşı su təchizatına növbədənkənar baxış keçirilmiş, ərazi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənmişdir.

Sonda onu da qeyd edək ki, burada mövsümə hazırlıq məqsədilə tədbirlər planında nəzərdə tutulmuş işlər qrafikə uyğun davam etdirilir.