REYDLƏR MÜTƏMADİ KEÇİRİLİR
Digər elektrik şəbəkələrində (EŞ) olduğu kimi, “Kürdəmir Elektrik Şəbəkəsi”nin (EŞ) əməkdaşları tərəfindən də elektrik enerjisindən qeyri qanuni istifadə hallarının qarşısı vaxtında alınır və həmin istehlakçılar barəsində müvafiq tədbirlər görülür.
“Azərenerji” ASC-nin Mətbuat xidmətinə sözügedən müəssisədən daxil olan məlumata görə, cari ilin oktyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 20 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 55,4 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 3,3 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 77 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir.
Qeyd edək ki, 2012-ci ilin 10 ayı ərzində aşkar edilmiş 358 qayda pozuntusuna görə 2 milyon 874,9 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 172,4 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 20 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
“Elektrik enerjisi ilə təminatda dayanıqlığın daha da möhkəmləndirilməsi məqsədi ilə paylayıcı şəbəkələrdə və transformator məntəqələrində (TM) əsaslı və cari təmir işləri aparılıb”, – deyən mənbə cari ilin son üç ayı ərzində görülmüş işlərdən də danışdı.
Mənbəyə istinadən qeyd edək ki, 10 kV-lik “Dəmiryolu-1”, I-III “Şəhər”, “Kolxoz-1”, I-II “Ərəbxana” və digər hava xətlərində (HX) müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, o cümlədən ümumilkdə 4,4 km-dən artıq məsafədə əsaslı və cari təmir işləri aparılmışdır. Eyni zamanda müəssisənin balans mənsubiyyətinə aid olan 0,4 kV-lik xətlərin isə ümumikdə 3,8 km-ə yaxın hissəsi təmir olunmuşdur.
Onu da qeyd edək ki, təmir işləri müəssisənin balans mənsubiyyətinə aid olan TM-lərdən də yan ötməmişdir. Belə ki, sözügedən dövrdə 40-dan artıq müxtəlif gücdə transformator da təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir.
Sonda qeyd edək ki, yerinə yetirilən təmir-bərpa işləri Kürdəmir rayon və kəndlərində olan istehlakçıların bu qışda da fasiləsiz elektrik enerji ilə təminatına imkan yaradacaqdır.