STANSİYA DİSPETÇER QRAFİKİNƏ UYĞUN FƏALİYYƏT GÖSTƏRİR
Respublika istehlakçılarının elektrik enerjisi ilə təmin edilməsində, o cümlədən pik gücləri baxımından ölkədə fəaliyyət göstərən su elektrik stansiyalarının (SES) rolu əvəzsizdir. Bu baxımdan sözügedən obyektlərin tam gücü ilə fəaliyyət göstərməsi əsas şərtlərdən biridir. Məhz buna görə də, adıçəkilən obyektlərə diqqətin artırılması və onların iş rejiminin günün tələblərinə cavab verə biləcək səviyyədə təmin edilməsi vacib amil hesab edilməlidir. Belə enerji obyektlərindən biri də qərb bölgəsinin enerji təchizatında özünəməxsus payı və rolu olan «Şəmkir Su Elektrik Stansiyaları Silsiləsi»dir.
Sözügedən müəssisədən «Azərenerji» ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Şəmkir SES Silsiləsi”ndə cari ilin on ayında nəzərdə tutulmuş bütün tədbirlər uğurla icra edilib.
“Şəmkir SES”də on ayda 563,7 milyon kilovat-saat, “Yenikənd SES”də isə 244,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Hidroenergetiklər oktyabr ayında, müvafiq olaraq, 28,9 milyon və 10,9 milyon kilovat-saat istehsala nail olmuşlar.
Hər iki stansiya baş dispetçer qrafiki üzrə istismar edilir. Avadanlıqlar saz vəziyyətdədi. Xatırladaq ki, silsiləyə “Şəmkir” və “Yenikənd” SES-ləri daxildir.