“ASTARA EŞ”: MÜVAFİQ TƏDBİRLƏR GÖRÜLÜR
Görülən tədbirlər itkilərin, o cümlədən kommersiya itkilərinin azalmasına, nəticədə istismar zamanı istifadə olunan avadanlıqlarda baş verə biləcək qəza hallarının minimum səviyyəyə enməsinə səbəb olacaqdır.
“Astara EŞ”dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və bildirilir ki, müəssisənin xidməti ərazisində cari ilin 10 ayı ərzində keçirilmiş reydlər zamanı 2800-ə yaxın istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilmişdir. Aktlar üzrə hesabat aparılaraq 14 milyon 990 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 899,3 min. manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 54 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
O cümlədən, cari ilin oktyabr ayında aşkar edilmiş 358 qayda pozuntusuna görə 1 milyon 188,8 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 71,3 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğin 52 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.
“Bütün istehlakçıların daha dayanıqlı və keyfiyyətli elektrik enerjisilə təmin olunması üçün müəssisənin balans mənsubiyyətinə aid olan EVX-lərdə və TM-lərdə yenidənqurma tədbirləri görülmüş, əsaslı və cari təmir işləri aparılmışdır”, – deyən mənbə cari ilin son üç ayında görülmüş işlər barəsində də məlumat verdi.
Mənbəyə istinadən qeyd edək ki, həmin bu dövrdə 10 kV-lik xətlərin 2,6 km-dən artıq hissəsində, 0,4 kV-lik xətlərin isə 2,6 km-ə yaxın hissəsində əsaslı və cari təmir işləri aparılmışdır. Eyni zamanda balans mənsubiyyətinə aid olan TM-lərin 53-də müxtəlif təyinatlı təmir işləri aprılmış və ümumi gücü 0,8 MVA-ya yaxın olan 5 transformator əsaslı təmir edilərk şəbəkəyə qoşulmuşdur.
Ümumiyyətlə, rayonun elektrik təsərrüfatında həyata keçirilən tədbirlər nəticəsində enerji təchizatı daha da möhkəmlənib. Sonda onu da qeyd edək ki, burada əməyin mühafizəsi məsələləri də diqqət mərkəzindədir. İşçilərin peşəkarlıq səviyyələrinin yüksəldilməsinə daim diqqət yetirilir.