REYDLƏR KEÇİRİLİB

Image

“Lənkəran elektrik şəbəkəsi”ndən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin oktyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 25 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 72,3 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 4,3 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğlə yanaşı ötən aylardan aktlara görə yaranmış debitor borcun müəyyən hissəsinin də ödənişi təmin edilmişdir.

Qeyd edək ki, cari ilin 10 ayı ərzində burada 293 qayda pozuntusu faktı aşkar olunmuşdur. Nəticədə 1 milyon 92 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 65,5 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 60 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

“İstehlakçıların daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, o cümlədən qayda pozuntularının qarşısının alınması üçün digər müəssisələrdə olduğu kimi, bizim müəssisənin xidməti ərazisində də paylayıcı şəbəkələrdə yenidənqurma və təmir işləri aparılır”, – deyən mənbə cari ilin son üç ayı ərzində görülmüş işlər barəsində məlumat verdi.

Mənbəyə istinadən onu da qeyd edək ki, rayon ərazisində yenidənqurma tədbirləri çərçivəsində “smartkart” tipli sayğacların quraşdırılması məqsədilə 6 kilometrdən artıq koaksal kabel xətti çəkilmişdir. Eyni zamanda 9,4 km-ə yaxın 0,4 kV-lik EVX “SİP” kabellə əvəzlənmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, sözügedən dövrdə 3 km-ə yaxın 10 və 6 kV-lik yeni hava xətti çəkilmişdir. Eyni zamanda 10 və 0,4 kV-lik xətlərin ümumilikdə 5 km əsaslı təmir olunmuş, 5,2 km-dən artıq hissəsi isə yenidən qurulmuşdur.

Yeri gəlmişkən, təmir kampaniyası müəssisənin balans mənsubiyyətinə aid olan transformator məntəqələrindən (TM) də yan ötməmişdir. Belə ki, sözügedən dövrdə 14 TM-də yenidənqurma işləri aparılmış, 40-dan çox TM-də isə əsaslı və cari təmir işləri həyata keçirilmişdir. Bütün bunlarla yanaşı, ümumi gücü 1,6 MVA-ya yaxın olan 9 transformator təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur.