“BİLƏSUVAR EŞ”: REYDLƏR DAVAM ETDİRİLİR
Rayonda elektrik enerjisindən qeyri-qanuni istifadə edən istehlakçılara qarşı sərt tədbirlər görülür. Təbliğat işinin normal səviyyədə qurulmasına da ciddi diqqət yetirilir.
“Biləsuvar Elektrik Şəbəkəsi”ndən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin oktyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 23 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 94,3 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 5,6 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğlə yanaşı, ötən ayların aktlarına görə yaranmış debitor borcun müəyyən hissəsinin də ödənişi təmin edilmişdir.
Qeyd edək ki, 2012-ci ilin 10 ayı ərzində burada keçirilmiş reydlər zamanı aşkar edilmiş 200-dən çox qayda pozuntusuna görə 809,6 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 48,6 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 72 faizdən çox hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
“Görülən tədbirlər elektrik enerjisindən daha çox istifadə olunduğu qış aylarnda qeyri-qanuni müdaxilələrin qarşısının alınmasına təsirsiz ötüşməyəcək”, – deyən mənbə onu da vurğuladı ki, cari ilin son üç ayı ərzində müəssisənin xidməti ərazisində 10 kV-lik xətlərin 7,8 km-də əsaslı və cari təmir işləri aparılmışdır. Eyni zamanda 0,4 kV-lik xətlərdə də müxtəlif təyinatlı təmir işləri görülmüş, o cümlədən sözügedən xətlərin ümumilikdə 10,5 km-i təmir olunmuşdur.
Mənbəyə istinadən onu da qeyd edək ki, təmir işləri zamanı paralel olaraq müəssisənin balans mənsubiyyətinə aid olan TM-lərin 48-də əsaslı və cari təmir işləri həyata keçirilmişdir. Eyni zamanda ümimi gücü 1,3 MVA-dan artıq olan 6 transformator da təmir edilərək istehlakçıların xidmətinə verilmişdir. Sonda onu da qeyd edək ki, yenidənqurma və təmir işləri intensiv olaraq davam etdirilir.