İSTİSMARIN SƏVİYYƏSİNİ DAHA DA YÜKSƏLTMƏK ÜÇÜN

Image

Ötürücü infrastrukturun səmərəli fəaliyyətinin təmin edilməsi elektrik enerjisinin istehlakçılara dayanıqlı şəkildə və keyfiyyətlə çatdırılması üçün mühüm şərtdir. Bu məqsədlə son illərdə paylayıcı elektrik şəbəkələrində görülən işlərin həcmi xeyli genişləndirilib.

“Azərenerji” ASC-nin Mətbuat xidmətinə “Ağdaş Elektrik Şəbəkəsi”ndən (EŞ) daxil olan məlumata görə, müəssisənin xidməti ərazisində qış mövsümünə hazırlıq məqsədilə bir sıra təmir işləri yerinə yetirilib. O cümlədən, cari ilin son üç ayı ərzində 10 kV-lik elektrik verilişi xətlərində 4 kilometrə yaxın naqil isə əsaslı təmir edilmişdir. Eyni zamanda 8 dayaq quraşdırılmış və 0,4 kV-lik xətlərdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Analoji işlər 14 transformator məntəqəsində də aparılmışdır.

Əldə edilən məlumata görə, cari ilin sentyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 24 istehlakçının (bundan 18-i məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırıldıqdan sonra hesabat aparılaraq 61,4 min kilovatsaata yaxın (bundan 39,3 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 3,7 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 23 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, burada cari ilin 9 ayı ərzində isə 412 qayda pozuntusu (bundan 360-ı məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) faktı aşkar olunmuş, 1 milyon 351,7 min kilovatsaatdan artıq (bundan 982,8 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 81,1 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 57 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Mənbədən o da bildirilir ki, təmir işləri zamanı müxtəlif gərginlikdə olan xətlərin trassası yaşıl kütlədən,  ərazi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənmişdir.

Sonda qeyd edək ki, dayanıqlığın müntəzəm olaraq təmin edilməsi məqsədilə ənənvi təmir-bərpa işləri davam etdirilir.