“AZƏRBAYCAN İES”: YÜK QRAFIKI YERINƏ YETIRILIR
Respublikamızın enerji təsərrüfatında özünəməxsus yeri və rolu olan «Azərbaycan İstilik Elektrik Stansiyası» MMC-nin fəaliyyət göstərdiyi otuz beş ilə yaxın bir müddətdə stansiya üzrə Mərkəzi Dispetçer İdarəsinin müəyyən etdiyi həcmdə elektrik enerjisi istehsal edilib. Bu dövrdə qurğu və avadanlıqların, enerji bloklarının saz vəziyyətdə olması təmin olunub.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, 2015-ci ilin 10 ayı ərzində stansiyada texniki-iqtisadi göstəricilər tam həcmdə yerinə yetirilib. Bu müddətdə enerji bloklarında 6,2 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilərək enerjisistemə ötürülüb.
Ayrılıqda götürdükdə isə ilin onuncu ayında «Azərbaycan İES» MMC-də 579,6 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib və enerjitəchizatı müəssisəsinin şəbəkəsinə ötürülüb.
Cari ilin arxada qalan ayları ərzində enerji bloklarının və avadanlıqlarının istismarı ilə yanaşı onlarda təmir və profilaktik yoxlama-sınaq işləri də aparılıb. Ətraf mühitin mühafizəsi, yanğın, texniki təhlükəsizlik və əməyin mühafizəsi tədbirləri həyata keçirilib, həmçinin 2015/2016-cı illərin payız-qış mövsümünə hazırlıq işləri görülüb.
«Azərbaycan enerji sisteminin 2015-2016-cı illərin payız-qış mövsümünə hazırlıq tədbirləri haqqında» «Azərenerji» ASC-nin 11 mart 2015-ci il tarixli əmri ilə təsdiq edilən tədbirlər planında «Azərbaycan İES» MMC üzrə nəzərdə tutulan kompleks tədbirlər əsasən yerinə yetirilib. Bu işlərin sırasına 1 və 2 nömrəli enerji bloklarında əsaslı, digər enerji bloklarında planlı cari təmir, 330 kV-lik açıq paylayıcı quruluşda (APQ) eleqaz açarlarının cari, 500 kV-lik APQ-də hava açarları və kompressor qurğularının əsaslı və cari təmiri daxildir. Bununla yanaşı tədbirlər planında enerji bloklarında müxtəlif təyinatlı digər işlərin də həyata kebirilməsi öz əksini tapmışdır.
İcrası IV rübdə nəzərdə tutulan tədbirlərə enerji bloklarında fırlanan mexanizmlərin, çatışmayan elektrik mühərriklərinin bərpa olunması, enerji bloklarında dövran tüstüsovuranlarının işlək vəziyyətə gətirilməsi və digər proseslər daxildir.
Hazırda stansiya beş blok rejimində işləyir və sutka ərzində dispetçer yük qrafikinə uyğun olaraq 17-21 milyon kilovat-saat elektrik enerjisi istehsal edilir.