“SAATLI EŞ”DƏ TƏMİR İŞLƏRİ APARILMIŞDIR

Image

Digər elektrik şəbəkəsi (EŞ) müəssisələrində olduğu kimi, “Saatlı EŞ”də müvafiq  təmir-bərpa işləri aparılmışdır. Bu enerji təsərrüfatında müvafiq hava elektrik verilişi xətləri və onların avadanlıqları cari və əsaslı təmir edilərək növbəti mövsümə hazır vəziyyətə gətirilib.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə,  burada cari ilin son üç ayı ərzində 10 kV-lik  “Mircəlalkənd”, “Xanlarkənd”, 6 kV-lik “Gomuşçu” HX-lərində müxtəlif təyinatlı təmir işləri reallaşdırılmışdır. Təmir işləri 0,4 KV-lik xətlərdən də yan ötməmişdir. Ümumiyyətlə sözügedən xətlərin 1,5 kilometrə qədər hissəsi təmir edilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, şəbəkənin xidməti ərazisində olan 22 transformator təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur. Analoji təmir işləri transformator məntəqələrində də görülmüşdür. Bütün bunlarla yanaşı yenidənqurma və təmir işləri zamanı 70 ədəd dəmir-beton dayaq quraşdırılmışdır.

Məlumat verildiyi kimi, burada cari ilin sentyabr ayında keçirilmiş reydlər zamanı 40 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilmişdir. Aktlar üzrə hesabat aparılaraq 86,2 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 5,2 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 37 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.

Mənbəyə istinadən onu da qeyd edək ki, cari ilin 9 ayı ərzində isə müəssisənin xidməti ərazisində 345 qayda pozuntusu aşkar edilərək 1 milyon 583,4 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 950,1 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Yeri gəlmişkən,  mənbədən qayda pozuntularının təsnifatı və istehlakçı qrupu barədə əldə etdiyimiz məlumata istinadən onu da bildirək ki,  elektrik enerjisindən kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir.

Sonda onu da bildirək ki, hazırda təmir-bərpa işlərinin müvəffəqiyyətlə həyata keçirilməsi istiqamətində tədbirlər davam etdirilir. Enerji təchizatçıları növbəti mövsümün uğurla başa çatdırılması istiqamətində öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar.