AVADANLIQLAR NÖVBƏTİ MÖVSÜMƏ HAZIRDIR

Image

İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi istiqamətində ölkə ərazisində fəaliyyət göstərən enerji təsərrüfatlarında ənənəvi təmir-bərpa işləri yerinə yetirilir.

“Ağcabədi Elektrik Şəbəkəsi”ndə (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, müəssisənin xidməti ərazisində qış mövsümünə hazırlıq məqsədilə bir sıra təmir işləri yerinə yetirilib. O cümlədən, cari ilin son üç ayı ərzində 23 transformator əsaslı təmir edilərək istehlakçıların xidmətinə verilmişdir.

Qeyd edək ki, cari ilin son üç ayı ərzində müəssisənin balans mənsubiyyətinə aid olan 10 və 0,4 kV-lik hava elektrik verilişi xətlərində də əsaslı və cari təmir işləri aparılmış, istismara yararsız naqillər yeniləri ilə əvəz edilmişdir. Nəticədə iki kilometrdən artıq 10 kV-lik xətt təmir edilmişdir. Eyni zamanda, rayonun Mehrablı, Arazbar, Hüsülü və digər kəndlərində 0,4 kV-lik xətlərin 1,4 kilometrdən artıq hissəsi təmir edilmişdir.

Yeri gəlmişkən, təsdiq edilmiş plan-qrafikdə nəzərdə tutulmuş və istismar zamanı mövcud olan digər təmir-bərpa işlərinin müvəffəqiyyətlə həyata keçirilməsi istiqamətində hazırda tədbirlər davam etdirilir.

Mənbədən əldə edilən digər bir məlumata görə, cari ilin sentyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 60-a yaxın istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 661,8 min  kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 39,7 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğin 66 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir.

Onu da qeyd edək ki, cari ilin 9 ayı ərzində aşkar edilmiş 574 qayda pozuntusuna görə 6 milyon 308,2 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 378,4 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin 76 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Sonda onu da bildirək ki, enerji təchizatçıları növbəti mövsümün uğurla başa çatdırılması istiqamətində öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar.