YÜKSƏK XİDMƏT UĞRUNDA

Image

“Balakən Elektrik Şəbəkəsi”nin enerji təsərrüfatında görülən tədbirlər öz müsbət nəticəsini verməkdədir. Hazırda ra­yonun elektrik eneji təchizatı ilə bağlı heç bir prob­lem yoxdur, bütün istehlakçı qruplar sutka ərzində fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunurlar.

Bu haqda “Balakən” EŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir və qeyd edilir ki, rayonda elektrik şəbəkələrinin fəaliyyətlərini sağlamlaşdırmaq, elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdırmaq məqsədi ilə mühüm tədbirlər görülüb. Bu baxımdan, şəbəkənin xidməti ərazisində dirəklərin yenisi ilə əvəz olunması istiqamətində xeyli iş aparılıb. Məsələn, bu ilin üç rübü  ərzində 6-10 kV-lik xətlərdə 226 dayaq yenisi ilə əvəz edilib. Balakən şəhəri ərazisində 3 km məsafədə 0,4 kV-lik EVX SİP kabellə əvəz olunub, 654 ədəd sayğac quraşdırılıb. 6 və 10 kV-lik hava xətlərində əməliyyat yerlərində quraşdırılmış xətt açarları təmir edilib və 3 ədəd RLND-10 tipli xətt ayırıcıları quraşdırılıb.

Qeyd edək ki, həmin dövr ərzində Püştətala kəndində 1 ədəd 50 KVA gücündə, Məlikzadə yaşayış məntəqəsində isə 1 ədəd 63 KVA gücündə TM quraşdırılıb,  70-ə yaxın transformator təmir edilib. Transformator məntəqələrində 38 ədəd 0,4 kV-lik ayırıcılar quraşdırılıb.

Yeri gəlmişkən, hazırda Balakən-Qazma-Dar­vazbinə yolunun tikintisi ilə əlaqədar 0,4 və 10 kV-lik xətlərdə dayaqlar dəyişdirilir. Uzunluğu 14,6 km olan bu xətdə indiyədək 300-ə yaxın dayaq dəyişdirilib. Həmçinin Qazma kəndində 0,4 kV-lik EVX  SİP kabellə əvəz olunub. Daha sonra SİP-ləşmə Hənifə kəndi və rayon mərkəzində də davam etdiriləcək.