ZƏRURİ TƏDBİRLƏR GÖRÜLÜR

Image

Zaqatala rayonunun enerji təsərrüfatında dayanıqlığın təmin edilməsi məqsədi ilə transformator məntəqələrində əsaslı və cari təmir işləri aparılıb, avadanlıqlar normal iş vəziyyətinə gətirilib.

“Zaqatala” EŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, 10/0,4 kV-lik 50 kompleks transformator məntəqəsi əsaslı, 10/0,4 kV-lik 159  transformator məntəqəsi isə cari təmir edilib. Transformator məntəqələrində yeni ayırıcılar quraşdırılıb, transformatorlara yağ əlavə edilib, çıxış kabelləri dəyişdirilib.

10 kV-lik elektrik verilişi xətlərinin 10 kilometri, 0,4 kV-lik xətlərin isə 5 kilometrə yaxın hissəsində əsaslı təmir işləri görülüb. Bu xətlərdə, ümumilikdə, 10 kilometrdən çox naqil dəyişdirilib. 10 kV-lik xətlərdə 2 ədəd RLND-10 markalı ayırıcı quraşdırılıb. Həmçinin hava xətlərinin trassası yaşıl kütlədən təmizlənib. Qeyd edək ki, 470 ədəd sayğac quraşdırılıb. Görülən zəruri tədbirlər istismar səviyyəsini yüksəldib. Rayonun enerji təsər­rüfatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.

Mənbə onu da bildirdi ki, rayon ərazisində elektrik enerjisindən qeyri-qanuni istifadə edənlərə də rast gəlinir.  Belə neqativ halların aşkarlanması üçün şəbəkənin bütün kollektivi səfərbər olub. Hər gün keçirilən gündüz və axşam reydləri məhz buna yönəlib. Elektrik enerjisindən qeyri-qanuni istifadə edənlərə qarşı ciddi tədbirlər görülür, ödənişdən yayınan abonentlər şəbəkədən açılır. Yalnız ödənişlər həyata keçirildikdən sonra onlara elektrik enerjisinin verilməsi bərpa edilir.

Sonda onu da qeyd edək ki, şəbəkədə əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri də diqqət mərkəzindədir. İşçilərin peşəkarlıq səviyyələrinin yüksəldilməsinə daim diqqət yetirilir. Bunun üçün mütəmadi olaraq qəza məşqləri, müxtəlif treninqlər keçirilir.