TƏMİR İŞLƏRİ APARILIR
İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi, itkilərin azaldılması məqsədilə yarımstansiyalarda, ötürücü qurğularda əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi energetiklərin ən mühüm vəzifələrindən biridir. Digər enerji obyektlərində olduğu kimi “Mingəçevir Regional Elektrik Şəbəkəsi”ndə (REŞ) də payız-qış mövsümünə hazırlıq məqsədilə müvafiq tədbirlər həyata keçirilir. O cümlədən, tədbirlər planında nəzərdə tutulmuş işlər əsasən yerinə yetirilmiş və yanğın təhlükəsizliyi ilə bağlı bir sıra tədbirlər reallaşdırılmışdır. Şəbəkədən Mingəçevir şəhəri, Bərdə, Yevlax, Ağdaş, Tərtər, Ağdam, Ağsu, Ucar, Göyçay, Naftalan və Goranboy inzibati ərazilərində yerləşən elektrik verilişi xətlərində və yarımstansiyalarda cari ilin son üç ayı ərzində görülmüş təmir işləri barəsində “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə deyilir.
Müəssisədən verilən məlumata görə, sözügedən dövr ərzində balans mənsubiyyətinə aid 35 kV-lik “Canavarlı”, “Qərvənd”, “Azad” və digər hava elektrik verilişi xətlərində (HEVX) müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, o cümlədən 12,4 kilometrə yaxın hissəsdə əsaslı və cari təmir işləri görülmüşdür.
Qeyd edək ki, bu müddət ərzində 110 kV-lik EVX-lərin 16,7 kilometri təmir edilib və eyni zamanda xeyli sayda izolyator dəyişdirilib, 60-a yaxın dayaqda kontur torpaqlanması bərpa edilib.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, analoji təmir işləri 220, 330 və 500 kV-lik EVX-lərdə də həyata keçirilmişdir. Ümumilikdə həmin bu xətlərin 31 km-ə yaxın hissəsində müxtəlif təyinatlı təmir işləri aparılmışdır.
Mənbənin verdiyi məlumata əsasən, sadalanan tədbirlərin yerinə yetirilməsi, enerji təsərrüfatının daha da dayanıqlı fəaliyyətinə zəmanət verən əsas amillərdəndir. Bunu nəzərə alaraq Şəbəkədən yenidənqurma işlərinin davam etdirilməsinin gündəlikdə duran əsas tapşırıqlardan biri olduğu bildirildi.
Yeri gəlmişkən, aidiyyəti yarımstansiyalar üzrə də bir sıra tədbirlər yerinə yetirilib. EŞ-in xidməti ərazilərində vaxtında həyata keçirilmiş hazırlıq işləri hazırkı iqlim şəraitində elektrik enerjisinin daha da keyfiyyətli və dayanıqlı ötürülməsi üçün geniş imkan yaradıb.
Sonda o da bildirildi ki, burada yanğın təhlükəsizliyi tədbirləri diqqət mərkəzindədir. Belə ki, EVX-lərin mühafizə zonaları və yarımstansiyaların əraziləri quru otlardan, yağ tutumlu avadanlıqların ətrafı çirkli yağ örtüyündən təmizlənmişdir. Eyni zamanda mühafizə avadanlıqlarının nəzarət və ölçü cihazları təftiş edilmiş, aşkar edilmiş qüsurlar aradan qaldırılmışdır. Paralel olaraq bütün yarımstansiyalar ilkin yanğınsöndürmə avadanlıqları ilə təmin olunmuşdur.